, 12 Aprel, 2026
Tarix: 12 Apr 2026 14:21
Bu gün Dövlət İmtahan Mərkəzi patent müvəkkilliyinə namizədlərin attestasiyasının birinci – test imtahanı mərhələsini keçirib.
DİM-dən APA-ya verilən xəbərə görə, imtahan DİM-in elektron imtahanlar korpusunda təşkil olunub.
Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytında yerləşdiriləcək.
İmtahanın müddəti 3 saatdır və namizədlərə 100 test tapşırığı təqdim olunub. Hər doğru cavablandırılmış test tapşırığı 1 balla qiymətləndirilir. Səhv cavablar doğru cavabların nəticəsinə təsir göstərmir. İmtahanda toplanıla bilən maksimal bal 100-ə bərabərdir.
İmtahanda qeydiyyatdan keçmiş 40 namizəddən 36 nəfəri iştirak edib. 31 nəfər tələb olunan 50 və daha yuxarı bal toplayaraq növbəti mərhələyə – müsahibəyə buraxılıb. Müsahibə mərhələsi Əqli Mülkiyyət Agentliyində yaradılmış Komissiyası tərəfindən aparılacaq.
Test imtahanı nəticələri ilə bağlı Apellyasiya Komissiyası 13–15 aprel tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində (Bakı şəhəri, Nəsimi rayonu, Ak., Həsən Əliyev, 299) fəaliyyət göstərəcək.
Patent müvəkkilliyi attestasiya imtahanı