Macarıstanda parlement seçkiləri keçirilir, seçici fəallığı rekord səviyyədədir - YENİLƏNİB-1

Tarix: 12 Apr 2026 19:59

Macarıstanda parlament seçkilərində seçici fəallığı ölkə tarixində rekord səviyyəyə yüksəlib.

APA-nın xəbərinə görə, Milli Seçki Bürosu yerli vaxtla saat 17:00-a seçici fəallığının 74,23% təşkil etdiyini açıqlayıb.

Qeyd edək ki, seçki məntəqələri saat 19:00-dək açıq olacaq. Ancaq hələ səsvermənin yekunlaşmasına 2 saat qalmasına baxmayaraq, artıq seçici fəallığı 2022-ci ildə keçirilmiş seçkiylə müqayisədə 5 faiz çoxdur. 2022-ci ildə keçirilən parlament seçkilərində yekun seçici fəallığı 69,53% olub.

***

saat 16.12

Macarıstanda parlament seçkilərində seçici fəallığı artıq 54%-i keçib.

APA xəbər verir ki, bu barədə Milli Seçki Bürosu məlumat yayıb.

Yerli vaxtla saat 13:00-a olan məlumata görə, seçici fəallığı rekord səviyyədə – 54,14% təşkil edib və bu göstərici əvvəlki illərlə müqayisədə xeyli yüksəkdir.

Demək olar ki, bütün regionlarda fəallıq yüksək olub və iki şimal-şərq bölgəsi istisna olmaqla, hər yerdə seçici fəallığı 50%-i keçib. Ən yüksək göstəricilər Budapeşt və ona bitişik Peşt vilayətində qeydə alınıb.

Seçki məntəqələri isə saat 19:00-dək açıq olacaq.

Xatırladaq ki, 2022-ci ildə keçirilən əvvəlki parlament seçkilərində yekun seçici fəallığı təxminən 70% olub. Mövcud mürəkkəb siyasi şərait fonunda bu dəfə iştirak səviyyəsinin daha da yüksək olacağı gözlənilir. Hökumətlə müxalifət arasında fikir ayrılıqları, xüsusilə Ukrayna münaqişəsi, Avropa İttifaqı ilə münasibətlər və Rusiya ilə əməkdaşlıq məsələlərində kəskindir.

***

saat 10.58

Macarıstanın Dövlət Məclisinə (birpalatalı parlament) parlament seçkilərində səsvermə başlayıb.

APA xəbər verir ki, səsvermə yerli vaxtla saat 06:00-da başlayıb, seçki məntəqələri saat 19:00-dək açıq olacaq.

Seçkilərdə 199 deputat yeri uğrunda mübarizə gedir. Onlardan 93-ü partiya siyahıları üzrə, 106-sı isə birmandatlı dairələr üzrə bölüşdürülüb. Hakim koalisiya — “FİDES – Macarıstan Vətəndaş İttifaqı” və onun kiçik tərəfdaşı olan Xristian-Demokrat Xalq Partiyası (XDXP) müxalif “Tisa” Partiyası ilə rəqabət aparır. FİDES-ə Baş nazir Viktor Orban, “Tisa”ya isə keçmiş hökumət rəsmisi və Avropa Parlamentinin üzvü Peter Madyar rəhbərlik edir.

Digər partiyalar arasında yalnız Laslo Torotskainin rəhbərlik etdiyi radikal sağçı “Bizim Vətən” Partiyasının 5 faizlik baryeri keçərək parlamentə düşə biləcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, 2022-ci ildə keçirilmiş əvvəlki seçkilərin nəticələrinə əsasən, FİDES və XDXP ittifaqı parlamentdə 135 mandatla konstitusion çoxluq əldə etmişdi.

***

saat 07.06

Bazar günü Macarıstanda parlament seçkiləri keçiriləcək.

APA xəbər verir ki, vətəndaşlar Baş nazir Viktor Orbanın “Fides” partiyası ilə onun kiçik tərəfdaşı olan Xristian Demokratik Xalq Partiyası (KDNP) arasındakı ittifaqın hakimiyyətdə qalıb-qalmayacağına və ya müxalifətdəki “Tisza” partiyasının qalib gəlib-gəlməyəcəyi ilə bağlı qərar qəbul edəcək.

Orbanın da qeyd etdiyi kimi, Macarıstandakı parlament seçkiləri təkcə ölkə üçün deyil, həm də Ukrayna da daxil olmaqla bütün Avropa üçün çox vacibdir.

Seçki məntəqələri yerli vaxtla səhər saat 6:00-da açılacaq və axşam saat 19:00-a qədər açıq qalacaq. Milli Seçki Komitəsinin məlumatına görə, Macarıstanda və xaricdə 8,12 milyondan çox vətəndaş səs vermək hüququna malikdir.

Təxminən 500 min nəfər xaricdən poçt vasitəsilə və ya xarici nümayəndəliklərdə səs vermək hüququna malikdir.

Macarıstan parlament seçkiləri

Xəbər Lenti