Çərşənbə axşamı, 14 Aprel, 2026
Tarix: 14 Apr 2026 13:08
Gündəlik qlobal neft təklifi cari ilin mart ayında 10,1 mln. barel azalaraq 97 mln. barelə enib.
Bu barədə “APA-Economics" Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatına istinadən xəbər verir.
Məlumata görə, bunun səbəbi Yaxın Şərqdə enerji infrastrukturuna qarşı davam edən hücumlar və Hörmüz boğazından tanker hərəkətinə qoyulan məhdudiyyətlərin davam etməsi olub.
Bildirilir ki, martda “OPEC+” ölkələrində gündəlik hasilat aylıq müqayisədə 9,4 mln. barel azalaraq 42,4 mln. barelə enib. OPEC-dənkənar ölkələrdə isə təklif aylıq müqayisədə 770 min barel azalaraq 54,7 mln barel təşkil edib.
Qeyd olunur ki, BEA əvvəlki hesabatla müqayisədə 2026-cı ildə gündəlik qlobal neft təklifi üzrə proqnozunu 2,5 mln. barel azaldıb. Beləliklə, 2026-cı ildə dünya üzrə bu göstəricinin 1,5 mln. barel azalaraq 104,7 mln. barelə enəcəyi gözlənilir.
Xatırladaq ki, “OPEC+” OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması (bazarı tarazlamaq məqsədi ilə - red.) üzrə təşəbbüsdür. Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.
Emil İsmayılov Beynəlxalq Enerji Agentliyi OPEC OPEC+ qlobal neft təklifi Yaxın Şərq Hörmüz boğazı