- Cümə axşamı, 9 Yanvar, 2025
Tarix: 13.03.2024 18:19
16 mart 2024-cü il saat 01:00-dan etibarən Bakı Teleqüllə Kompleksi vasitəsilə Bakı şəhəri və Abşeron yarımadası ərazisində ikinci nəsil DVB-T2 standartlı yerüstü sınaq televiziya yayımına başlanılır.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən APA-ya verilən xəbərə görə, bu, dünya ölkələrində yerüstü televiziya yayımının yeni texnologiyalara inteqrasiyası və inkişaf tendensiyası nəzərə alınaraq, ölkəmizdə daha keyfiyyətli televiziya yayımının tətbiqi məqsədi daşıyır.
Sınaq yayım 34-cü (578 MHs tezlikdə) və 37-ci (602 MHs tezlikdə) televiziya kanallarında HD formatında həyata keçiriləcək.
Sınaq müddətində DVB-T2 standartını dəstəkləməyən qəbuledicilərə sahib olan əhali qrupunun yerüstü televiziya yayımını qəbul etmək imkanının saxlanılması üçün 48-ci (690 MHs) televiziya kanalında DVB-T standartında SD formatında televiziya yayımı davam etdiriləcək.
Buna qədər 15 may 2023-cü il tarixində saat 01:00-dan saat 02:00-dək yayımın texniki parametrlərinin yoxlanılması məqsədilə 1 saat müddətində Bakı şəhəri və Abşeron yarımadası ərazisində bir neçə televiziya proqramının DVB-T2 standartında sınaq yayımı uğurla başa çatıb.
Qeyd edək ki, Zaqafqaziyada ilk dəfə 2004-cü ildə DVB-T standartlı rəqəmsal televiziya yayımı Azərbaycanda həyata keçirilib.
Sonrakı illərdə bütün ölkə ərazisində bu standart əsasında rəqəmsal televiziya yayımı təmin edilib və 2016-cı ildə analoq televiziya yayımından rəqəmsal televiziya yayımına tam keçid edilib.
Məlumat üçün bildirək ki, DVB-T ilə müqayisədə təxminən 50 faiz daha geniş spektrə malik olan DVB-T2 standartının Azərbaycanda tətbiqi gələcəkdə ultra HD və 4K kimi daha yüksəkkeyfiyyətli yerüstü televiziya yayımının həyata keçirilməsinə imkan verəcək.