Çərşənbə, 6 May, 2026
Tarix: 06 May 2026 11:25
Hazırda Azərbaycanda suvarılan torpaqların təxminən 10–14%-i müasir suvarma sistemləri ilə təmin olunub. Bu, təxminən 130 min hektar ərazi deməkdir. “APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən “Müasir Kənd Təsərrüfatı Əməkdaşlığı Davamlı İnkişafın Təməli və Ərzaq Təhlükəsizliyinin Qarantı Kimi” adlı konfransda panel müzakirəsi zamanı kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib. “2030-cu ilə qədər bu göstəricini iki dəfədən çox artırmaq kimi ambisiyalı hədəfimiz var. Yəni 2030-cu ilədək 300 min hektar ərazinin müasir suvarma sistemləri ilə əhatə olunması planlaşdırılır. Ümid edirik ki, bunun üçün yeni kənd təsərrüfatı proqramı da qəbul ediləcək”, - deyə nazir əlavə edib.
Nazir həmçinin qeyd edib ki, aqrar sektorda istifadə olunan su üzrə ölçmə aparılmır:
"Hazırda istifadə etdiyimiz su ehtiyatlarının 70%-i kənd təsərrüfatının payına düşür. Qalan 30% isə məişət və sənaye sektorunda istifadə olunur. Maraqlıdır ki, həmin 30% üzrə hər yerdə sayğaclar var, amma kənd təsərrüfatında istifadə olunan 70% üzrə demək olar ki, heç bir ölçmə aparılmır. Bu səbəbdən kənd təsərrüfatında suyun ölçülməsi yaxın illərdə əsas prioritetlərdən biri olacaq. Məqsəd nə qədər su istifadə olunduğunu anlamaq və onu fermerlərə daha səmərəli şəkildə yönləndirməkdir”.
Əşrəf Mehdiyev Məcnun Məmmədov suvarma aqrar sektor