Çərşənbə axşamı, 12 May, 2026
Tarix: 12 May 2026 13:16
Kərkicahan qəsəbəsi 1 nömrəli tam orta məktəbdə keyfiyyətli tədris üçün hər cür şərait yaradılıb. Müəllim və şagirdlər yaradılan müasir şəraitdən məmnunluqlarını ifadə ediblər.
Məktəbin direktoru Eldəniz Məhərrəmov APA-ya bildirib ki, məktəbdə pedaqoji heyət peşəkar müəllimlərdən ibarətdir və tədris prosesi müasir tələblərə uyğun şəkildə qurulub. O, yaradılan şəraitə görə dövlət rəhbərliyinə təşəkkürünü ifadə edib.
624 şagird yerlik məktəb binasında əsaslı təmir işləri qısa müddətdə və yüksək səviyyədə həyata keçirilib. Təhsil müəssisəsində ümumilikdə 17 sinif otağı fəaliyyət göstərir. Burada laboratoriyalar, STEAM, informatika, hərbi hazırlıq, biologiya, kimya, fizika və texnologiya otaqları, dərnək və məktəbəqədər hazırlıq sinifləri yaradılıb. Eyni zamanda kitabxana, oxu zalı, idman və akt zalları, eləcə də yeməkxana müəllim və şagirdlərin istifadəsinə verilib.
Bütün otaqlar zəruri tədris vəsaitləri ilə tam təchiz olunub. Məktəbin həyətyanı sahəsində isə açıq idman meydançası istifadəyə verilib. Ümumilikdə, təhsil müəssisəsində təlim-tədrisin yüksək səviyyədə təşkili üçün hərtərəfli imkanlar mövcuddur.
Şagirdlər də yaradılan şəraitdən məmnunluqlarını ifadə ediblər. İlqarə Şükürova gələcəkdə həkim olmaq və Xankəndidə cərrah kimi fəaliyyət göstərmək arzusunda olduğunu bildirib. O, təhsil aldığı mühitə görə minnətdarlığını ifadə edib.
Şagirdlər məktəbdə yaradılan imkanların onların təhsilinə müsbət təsir etdiyini vurğulayıblar.
Onlar ümumilikdə yaradılan müasir təhsil mühitinin onların inkişafına və gələcək hədəflərinə mühüm töhfə verdiyini qeyd ediblər.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı yenidənqurma işləri aparılır. Bu çərçivədə müasir məktəblərin inşası, tədris avadanlıqları ilə təminat və infrastrukturun yaradılması təhsilin keyfiyyətinin yüksəldilməsinə və əhalinin doğma yurdlarına qayıdışına mühüm töhfə verir
Elgün Gəncimsoy Kərkicahan qəsəbəsi 1 nömrəli tam orta məktəb












