AZSET proqramının təqdimat mərasimi keçirilib - FOTO

Tarix: 14 May 2026 10:11

AZCON Holding və Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşlığı və “TUM International GmbH”nın akademik dəstəyi ilə təsis edilən “AZCON School of Engineering and Technology” – AZCON Mühəndislik və Texnologiya Məktəbinin (AZSET) təqdimat mərasimi keçirilib.

APA xəbər verir ki, təqdimat mərasimində elm və təhsil naziri Emin Əmrullayev, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “TUM International GmbH”nın (TUMint) icraçı direktoru Friederike Hettinger və AzTU-nun rektoru Vilayət Vəliyev çıxış ediblər.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında bildirib ki, AZSET proqramı ali təhsildə nəzəri biliklə praktiki təcrübənin daha sıx əlaqələndirilməsi baxımından mühüm təşəbbüsdür. Nazir vurğulayıb ki, müasir əmək bazarında universitetlə sənaye arasında əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev qeyd edib ki, yeni təsis edilmiş məktəb Azərbaycanda sənaye və ali təhsil arasında daha praktik, beynəlxalq akademik keyfiyyət standartlarına əsaslanan və gələcəyin texnoloji peşələrinə istiqamətlənmiş innovativ əməkdaşlıq modelini formalaşdırır: “AZSET proqramı Azərbaycanın texnoloji insan kapitalının inkişafına yönəlmiş strateji investisiya kimi dəyərləndirilə bilər. Tələbələr Azərbaycanı tərk etmədən Münhen Texniki Universitetinin keyfiyyət standartlarına uyğun hazırlanmış müasir təhsil proqramı əsasında təhsil alma imkanı əldə edəcəklər”.

“TUM International GmbH”nın (TUMint) icraçı direktoru Friederike Hettinger bildirib ki, bu gün burada Azərbaycanın gələcəyi üçün həm iddialı, həm də strateji əhəmiyyət daşıyan bir tərəfdaşlığı elan etmək mənim üçün böyük şərəfdir.

AzTU-nun rektoru Vilayət Vəliyev çıxışında diqqətə çatdırıb ki, AZSET layihəsi Azərbaycanın rəqəmsal gələcəyinə investisiyadır, universitet-sənaye əməkdaşlığının yeni modelidir və regional texnologiya liderliyinə doğru atılmış strateji addımdır.

Sonra “AZCON School of Engineering and Technology” – AZCON Mühəndislik və Texnologiya Məktəbinin (AZSET) təsis edilməsinə dair müqavilə imzalanıb.

Qeyd edək ki, Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində təsis edilmişAZCON Mühəndislik və Texnologiya Məktəbi Münhen Texniki Universitetinin (TUM) beynəlxalq akademik tərəfdaşlıq platforması olan “TUMint” təşkilatının dəstəyi əsasında fəaliyyət göstərəcək. Beləliklə, dünya səviyyəli akademik təcrübə AZSET proqramının tədris modelinə inteqrasiya olunacaq. “TUM” mütəxəssisləri həm Bakıda əyani formada, həm də onlayn qaydada tədris prosesində iştirak edəcəklər. Tədris prosesi “TUMint”in akademik yanaşması, kurikulumu, tədris metodologiyası və qiymətləndirmə standartları əsasında hazırlıq görmüş müəllimlər tərəfindən həyata keçiriləcək.

Günay Elşən AZSET AzTU

Xəbər Lenti