BMT: Qlobal Cənub QHT Platforması həll yollarını ön plana çıxarmağı hədəfləyir

Tarix: 14 May 2026 11:38

Qlobal Cənub QHT Platformasının Baş Assambleyası builki WU13 çərçivəsində xüsusi əhəmiyyət daşıyır.

APA xəbər verir ki, bunu BMT-nin Cənub-Cənub Əməkdaşlığı Ofisinin direktoru Dima Əl-Xətib “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində keçirilən Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasının iştirakçılarına videomüraciətində bildirib.

O qeyd edib ki, platforma ilk dəfə bu mühüm qlobal urbanistika mühitində toplaşaraq, qlobal şəhərsalma və inkişaf gündəliyinin formalaşdırılmasında vətəndaş cəmiyyətinin daha əlaqəli və təsirli səsinə olan ehtiyaca cavab verir.

Dima Əl-Xətib vurğulayıb ki, vətəndaş cəmiyyəti Cənub-Cənub əməkdaşlığının inkişafı baxımından əvəzolunmazdır: “QHT-lər yerli bilik, etibarlı münasibətlər və praktiki innovasiyalar gətirir. Biz həlləri real təsirə çeviririk”.

Onun sözlərinə görə, şəhər dayanıqlılığı, iqlim dəyişikliyi və bərabərsizlik kimi problemlərin həllində inklüziv əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. BMT rəsmisi bu baxımdan, ən az inkişaf etmiş ölkələrin, kiçik ada dövlətlərinin və dənizə çıxışı olmayan ölkələrin platformada fəal iştirakının vacibliyini qeyd edib.

Dima Əl-Xətib əlavə edib ki, təmsil etdiyi qurum tərəfindən yaradılan yeni əməkdaşlıq təşəbbüsü “müxtəlif tərəfdaşları, həlləri və maliyyə imkanlarını birləşdirən çoxtərəfli platforma” olacaq: “Qlobal Cənub Platforması ilə bu təşəbbüs arasında güclü uyğunluq mövcuddur. Hər iki təşəbbüs inkişaf etməkdə olan ölkələrin liderliyini, biliklərini və həll yollarını ön plana çıxarmağı hədəfləyir”.

İlqar Xudiyev

Xəbər Lenti