Cümə axşamı, 14 May, 2026
Tarix: 14 May 2026 11:31
Azərbaycan bu gün təkcə regionlar arasında yox, həm də sivilizasiyalar arasında körpü rolunu oynayır, dialoqun, sülhün və davamlı inkişafın təşviqi istiqamətində mühüm addımlar atır.
APA xəbər verir ki, bunu Somali Prezidentinin müşaviri Məhəmməd Osman Mahmud Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) ilk Baş Assambleyasındakı çıxışında deyib.
“Afrikadan gələn biri kimi deyə bilərəm ki, orada həm çağırışlar, həm də imkanlar mövcuddur. Afrikada sürətli urbanizasiya gedir və bu, milyonlarla insanın layiqli mənzil imkanından məhrum olduğu qeyri-rəsmi yaşayış məntəqələrinin yaranmasına səbəb olur. İqtisadi sarsıntılar, quraqlıqlar, daşqınlar və münaqişələr qitədə sülhə və təhlükəsizliyinə təhdid yaratmağa davam edir. Eyni zamanda qitə inkişaf edir və gənc əhalisi, həm dəniz, həm də quru ticarəti baxımından zəngin imkanları ilə iqtisadi inkişaf üçün yeni fürsətlər təqdim edir. Qlobal Cənub QHT Platforması icmaları birləşdirmək, səsləri gücləndirmək və təcrübələri qlobal fəaliyyətə çevirmək baxımından tarixi rol oynayır. Vətəndaş cəmiyyəti qərarvermə prosesinin kənarında qalmamalıdır. O, ortaq gələcəyimizin formalaşdırılmasının mərkəzində dayanmalıdır”, - o bildirib.
Somali Prezidentinin müşaviri qeyd edib ki, sülh olmadan rifah, ədalət olmadan sabitlik yoxdur: “Əməkdaşlıq olmadan isə davamlı gələcək yoxdur. Gəlin buna görə birlikdə çalışaq — Şimal və Cənub, Şərq və Qərb olaraq parçalanma ilə yox, ləyaqətlə, münaqişə ilə yox, əməkdaşlıqla müəyyən olunan bir dünya quraq”.
Toğrul Quluzadə