Milli Məclisin sədri Sahibə Qafarova İkinci Asiya Qadınlar Forumunda çıxış edib - FOTO

Tarix: 14 May 2026 14:52

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikasının Buxara şəhərində keçirilən İkinci Asiya Qadınlar Forumunda iştirak edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, Forumun açılış mərasimində çıxış edən spiker Sahibə Qafarova Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin Asiya Qadınlar Forumunun regional dialoq və əməkdaşlıq üçün daimi platforma kimi təsis edilməsi təşəbbüsünü yüksək qiymətləndirərək, Forumun mövzusunun çox mühüm bir prinsipi əks etdirdiyini söyləyib.

Asiya regionunun bugünkü qlobal sistemdə mühüm rol oynadığını deyən spiker Sahibə Qafarova qeyd edib ki, Asiyanın əhalisi, iqtisadi potensialı və müxtəlifliyi onu qlobal inkişafın və beynəlxalq tərəqqinin əsas hərəkətverici qüvvələrindən birinə çevirir. Bu baxımdan, parlamentin sədri regional və beynəlxalq əməkdaşlığın mühüm əhəmiyyətini qeyd edib. Bildirib ki, təcrübə mübadiləsi, qabaqcıl təcrübələrin paylaşılması və əlaqələndirilmiş siyasətlər ümumi məqsədlərimizə nail olmaq üçün vacibdir.

Çıxışında Azərbaycan qadınlarının ölkə həyatında fəal roluna dair tədbir iştirakçılarına məlumat verən spiker Sahibə Qafarova deyib ki, ölkəmiz qadınların ictimai həyatın bütün sahələrində rolunun təşviqinə yönəlmiş beynəlxalq əməkdaşlığı qətiyyətlə dəstəkləyir.

Milli Məclisin sədri xüsusi olaraq vurğulayıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın geniş ictimai və siyasi fəaliyyəti Azərbaycan qadınlarının cəmiyyətimizin və ölkəmizin inkişafına verdiyi mühüm töhfəni əks etdirir. Spiker deyib ki, Mehriban xanım Əliyeva Birinci vitse-prezident və tanınmış ictimai-siyasi xadim kimi təhsil, səhiyyə, mədəniyyət və sosial rifah sahələrində mühüm təşəbbüslərin həyata keçirilməsində aparıcı rol oynayır. Onun fəaliyyəti Azərbaycanda qadınların ictimai həyatda artan rolunu aydın şəkildə nümayiş etdirir və dövlət idarəçiliyinin ən yüksək səviyyəsində qadın liderliyinin güclü nümunəsi kimi çıxış edir.

Çıxışda həmçinin məlumat verilib ki, Azərbaycanda qadınlar azad edilmiş ərazilərdə, Qarabağda münaqişədən sonrakı bərpa və yenidənqurma işlərinə də mühüm töhfə verirlər. Milli yenidənqurma prioritetlərinə və “Böyük Qayıdış” proqramına uyğun olaraq, qadınlar bu ərazilərdə sosial, iqtisadi və institusional reinteqrasiya prosesində fəal iştirak edir, infrastrukturun bərpasında, ictimai həyatın yenidən qurulmasında və keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışının dəstəklənməsində mühüm rol oynayırlar.

O cümlədən, təhsil, səhiyyə, dövlət idarəçiliyi və yerli iqtisadi inkişaf sahələrində qadınların uzunmüddətli bərpanın və sosial həmrəyliyin gücləndirilməsinə töhfə verdiyini bildirən spiker Sahibə Qafarova, ümumilikdə qadınların yenidənqurma prosesində fəal iştirakının Azərbaycanın münaqişədən sonrakı inkişaf yanaşmasını əks etdirdiyini diqqətə çatdırıb. O, həmçinin deyib ki, insan kapitalı, o cümlədən qadınların rolu davamlı bərpa və uzunmüddətli inkişaf üçün əsas amillərdən biri hesab olunur.

Açılış mərasimində, həmçinin Özbəkistan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Türkmənistan Məclisinin sədri Dünyagözəl Qulmanova, BMT-nin Əhali Fondunun İcraçı direktoru Dien Keyta, BMT-nin Cenevrə Ofisinin rəhbəri Tatyana Valovaya və digərləri çıxışlarında tədbirin əhəmiyyətini və müzakirə olunan mövzuların aktuallığını qeyd edərək forumun işinə uğurlar arzulayıblar.

Firuzə Vahid

Xəbər Lenti