Cümə, 15 May, 2026
Tarix: 15 May 2026 12:41
"Astana və Bakı Zəngəzur dəhlizinin inkişafında maraqlıdır".
APA-nın Türküstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qazaxıstan Respublikası Prezidenti yanında Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun Asiyaşünaslıq şöbəsinin aparıcı eksperti Bauyrjan Auken bildirib.
Bauyrjan Auken deyib ki, bu gün Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşü ölkələrimiz arasında gələcək əməkdaşlıq baxımından strateji əhəmiyyət daşıyır: “Zirvə görüşünün mövzusu rəqəmsal iqtisadiyyat, süni intellekt və kibertəhlükəsizliyə həsr olunub. Bu mövzular təsadüfən seçilməyib. Məhz ötən il Qəbələ şəhərində keçirilən sammitdə Qazaxıstan Prezidenti Türk Dövlətləri Təşkilatı çərçivəsində kibertəhlükəsizlik və rəqəmsal iqtisadiyyatla bağlı irəli sürülməli olan bir sıra təşəbbüslər səsləndirmişdi. Bu baxımdan bugünkü sammit həmin təşəbbüslərin həyata keçirilməsi və davamı kimi qiymətləndirilə bilər”.
Ekspert hesab edir ki, TDT-nin qeyri-rəsmi sammiti qeyri-sabitlik və turbulentlik dövründə əməkdaşlığın genişlənməsinə ciddi təkan verəcək: “Bu gün ənənəvi nəqliyyat marşrutları artıq əvvəlki qədər актual deyil və məhz Orta Dəhlizin genişləndirilməsi və inkişafı gündəmdə əsas məsələlərdən biridir. Bugünkü sammit Orta Dəhlizin potensialının inkişafına ciddi impuls verəcək. Qazaxıstan və Azərbaycan gələcəkdə Orta Dəhlizlə Zəngəzur dəhlizi arasında qarşılıqlı bağlantının inkişafında maraqlıdır. Bu baxımdan Qazaxıstan və Azərbaycanın rolu çox önəmlidir. Çünki ölkələrimiz Türk Dövlətləri Təşkilatının qurucu dövlətlərindən biridir və əməkdaşlığın əsas hərəkətverici qüvvələri hesab olunur. Bundan əlavə, ölkələrimiz yeni formalaşmağa başlayan TDT+ formatını da fəal şəkildə dəstəkləyir. Bugünkü sammit təkcə təşkilatın və çoxtərəfli əlaqələrin inkişafına deyil, həm də Qazaxıstanla Azərbaycan arasında münasibətlərin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək”.
Ramiz Mikayıloğlu Qazaxıstan Astana Zəngəzur dəhlizi TDT