Özbəkistan Prezidenti: Türk dünyasının inteqrasiyası xalqlarımızın strateji maraqlarına uyğundur

Tarix: 15 May 2026 16:07

Türk dünyasının inteqrasiyası xalqlarımızın fundamental və uzunmüddətli strateji maraqlarına uyğundur.

APA-nın Türküstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bildirib.

“Türküstan şəhəri Böyük İpək Yolunun mühüm ticarət və mədəniyyət mərkəzi hesab olunur. Bu torpaqda böyük əcdadımız Xoca Əhməd Yasəvi yaşayıb. Müqəddəs məkan bizim üçün xalqlarımızın birliyi və həmrəyliyinin parlaq simvoludur. Bugünkü görüşümüz dünyada müxtəlif ziddiyyətlərin artdığı bir dövrə təsadüf edir. Beynəlxalq münasibətlərdə etimad böhranı güclənir, qlobal institutların rolu və təsiri isə zəifləyir. Bu vəziyyət bizdən mühüm məsələlər üzrə ortaq mövqelərin hazırlanmasını tələb edir. Bu baxımdan Türk dünyasının inteqrasiyası xalqlarımızın fundamental və uzunmüddətli strateji maraqlarına uyğundur. Türk Dövlətləri Təşkilatı son illərdə davamlı inkişaf nümayiş etdirir. Məsələn, 2025-ci ildə dövlətlərimizin ümumi iqtisadi potensialı 2,4 trilyon dolları ötüb. Bu göstəricinin artım tempi qlobal orta göstəricidən iki dəfə yüksəkdir. Cari ildə Türk İnvestisiya Fondu fəaliyyətə başlayıb. Mərkəzi banklar arasında “yaşıl” maliyyələşmə ilə bağlı Türk Maliyyə Şurası yaradılıb. Bütün bunlar təşkilatımızın institusional baxımdan daha da möhkəmləndiyini açıq şəkildə göstərir. Qarşımızda qarşılıqlı münasibətlərimizi daha da inkişaf etdirmək üçün mühüm vəzifələr dayanır”, – Özbəkistan Prezidenti vurğulayıb.

Ramiz Mikayıloğlu

Xəbər Lenti