Cümə axşamı, 21 May, 2026
Tarix: 21 May 2026 13:45
Kompleksdə quraşdırılan müasir texnologiyalar ziyarətçilərə müxtəlif dillərdə məlumat əldə etmək imkanı yaradır
“İmarət” Tarix-Memarlıq Muzey Kompleksi Qarabağın, eləcə də Azərbaycanın ən mühüm tarixi-memarlıq abidələrindəndir. Qarabağ xanlığı dövrünün izlərini özündə yaşadan bu məkan uzun illər bölgənin mədəni və ictimai həyatında mühüm rol oynayıb, hazırda isə genişmiqyaslı bərpa və yenidənqurma işləri nəticəsində əvvəlki simasına qaytarılaraq ziyarətçilər üçün açıqdır.
“İmarət” Tarix-Memarlıq Muzey Kompleksinin şöbə müdiri Aynurə Cəfərova APA-ya bildirib ki, bu tarixi məkanın irsinin qorunmasında iştirak etmək həm qürurlu, həm də məsuliyyətlidir:
“Fəaliyyətimiz əsasən kompleksin qorunması, eyni zamanda ziyarətçilərə tarixi irsimizin dolğun və düzgün şəkildə təqdim olunmasından ibarətdir. Kompleks XVIII–XIX əsrlərə aid mühüm tarixi-memarlıq abidəsidir və Qarabağ xanlığı dövrünün mədəni irsini özündə əks etdirir. Burada xan nəslinin ailə məzarlığı, həmçinin Xurşidbanu Natəvanın məzarı yerləşir. İşğal dövründə bu abidə də vandalizmə məruz qalıb. Kompleks dağıdılıb, uzun müddət təyinatına uyğun olmayan məqsədlərlə istifadə olunub".
A.Cəfərova vurğulayıb ki, işğaldan azad olunmadan sonra həyata keçirilən bərpa və quruculuq işləri nəticəsində kompleks yenidən əvvəlki tarixi simasına qaytarılıb.
Onun sözlərinə görə, İmarət kompleksi müasir texnologiyalarla da təchiz olunub: “Burada quraşdırılan interaktiv sistemlər və multimedia vasitələri ziyarətçilərə müxtəlif dillərdə məlumat əldə etmək imkanı yaradır. Bələdçi olmadan belə monitorlar vasitəsilə kompleksin tarixi barədə ətraflı məlumat almaq mümkündür”.
Qeyd edilib ki, hazırda kompleks hazırda həm yerli, həm də xarici turistlərin maraq göstərdiyi məkanlardan biridir.
Elgün Gəncimsoy Ağdam “İmarət” Kompleksi










Mənbə: apa.az