Çərşənbə, 27 May, 2026
Tarix: 27 May 2026 02:12
Moskvada 28 May – Azərbaycanın Müstəqillik Gününə həsr olunan təntənəli qəbul keçirilib.
APA-nın Moskva bürosunun xəbərinə görə, Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən təşkil olunan tədbirdə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin, xarici ölkələrin Rusiyadakı diplomatik missiyalarının rəhbərləri, hərbi attaşelər, eləcə də hər iki ölkənin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Təntənəli qəbul həmçinin 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunub.
Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən danışıb. O xatırladıb ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti elan olunub.
Diplomat 1990-cı illərin əvvəllərində Azərbaycanın Ermənistanın təcavüzü və ərazilərinin 20 faizinin işğalı ilə üzləşdiyi çətin dövrdən də bəhs edib. O, ölkənin suverenliyinin bərpasında ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rolunu xüsusi vurğulayıb.
Rəhman Mustafayev bildirib ki, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müasir ordunun formalaşdırılması prosesi başlayıb və Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilib.
“Bu xətt Azərbaycan Silahlı Qüvvələrini regionun ən güclü ordusuna çevirdi. Nəticədə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi, 44 günlük Vətən müharibəsində qələbə qazandı və bununla da regionda sülh və rifahın təməlini qoydu”, – deyə səfir qeyd edib.
Diplomat işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən də danışıb. Onun sözlərinə görə, dövlətin əsas diqqəti Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasına yönəlib.
Rusiya ilə münasibətlərə toxunan səfir Bakı ilə Moskva arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu bildirib. O qeyd edib ki, hazırda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya, Rusiyanın müdafiə naziri Andrey Belousovun isə Bakıya səfərinə hazırlıq işləri aparılır.
Rəhman Mustafayev əlavə edib ki, yaxın vaxtlarda Azərbaycanda iki ölkənin parlamentlərarası əməkdaşlıq şurasının iclasının keçirilməsi də planlaşdırılır.
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin isə çıxışında 2022-ci ildə Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannamənin imzalanmasından sonra Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələyə yüksəldiyini bildirib.
Qaluzin Azərbaycan və Rusiya prezidentləri arasında son telefon danışığını xatırladıb, həmçinin Azərbaycanın İrandan Rusiya vətəndaşlarının təxliyəsində göstərdiyi yardıma görə təşəkkür edib.
O, baş nazirlər Mixail Mişustin və Əli Əsədov, baş nazir müavinləri Şahin Mustafayev və Aleksey Overçuk arasında müntəzəm təmasların davam etdiyini vurğulayıb. Həmçinin bir neçə gün əvvəl Milli Məclisin sədri Sahibə Qafarova ilə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko arasında keçirilən görüşü xatırladıb.
Mixail Qaluzin Moskva və Bakının 25 dekabr 2024-cü ildə baş vermiş AZAL təyyarə qəzasının nəticələri ilə bağlı razılığa gəldiyini də bildirib.
“Bir daha həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Əminik ki, Rusiya-Azərbaycan münasibətlərinin qarşılıqlı hörmət, etimad və ortaq maraqlara əsaslanan inkişafı davam edəcək”, – deyə o qeyd edib.
Qaluzin həmçinin Moskvanın Azərbaycan və Ermənistan arasında münasibətlərin tam normallaşdırılması istiqamətində səyləri dəstəklədiyini bildirib.
“Bakı və İrəvana nəqliyyat əlaqələrinin açılması və sülh müqaviləsinin imzalanması üçün Rusiya platformasını təqdim etməyə hazırıq. Azərbaycan, Türkiyə, Rusiya, İran, Ermənistan və Gürcüstanı birləşdirən 3+3 regional əməkdaşlıq platformasında böyük potensial görürük”, – deyə rusiyalı diplomat vurğulayıb.
Tədbirdə Azərbaycanın Rusiyadakı hərbi attaşesi polkovnik Kənan Təxməzov da çıxış edib.
Təntənəli qəbul musiqili konsert proqramı ilə davam etdirilib.
Fərid Əkbərov Azərbaycan Rusiya Moskva diplomatiya MüstəqillikGünü



Mənbə: apa.az