Karol Navrotski: Azərbaycan Cənubi Qafqazda Polşa üçün mühüm tərəfdaş olaraq qalır

Karol Navrotski: Azərbaycan Cənubi Qafqazda Polşa üçün mühüm tərəfdaş olaraq qalır

Tarix: 01 Jun 2026 20:03

Polşa Respublikasının Prezidenti Karol Navrotski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA xəbər verir ki, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Polşa Respublikası adından və öz adımdan ölkənizə, xalqınıza və şəxsən Sizə ən səmimi təbriklərimi, uğurlar və firavanlıq arzularımı çatdırmaqdan şərəf duyuram.

Polşa Respublikası ilə Azərbaycan Respublikasını ənənəvi dostluq əlaqələri və dinamik inkişaf edən əməkdaşlıq birləşdirir. Sizi əmin etmək istəyirəm ki, Polşa bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsinə, əməkdaşlığın bütün sahələrini əhatə etməsinə həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı çərçivəsində daim hazırdır.

Azərbaycan Respublikası Cənubi Qafqaz regionunda Polşa üçün mühüm tərəfdaş olaraq qalır və dünyada baş verən ciddi geosiyasi dəyişikliklər fonunda əməkdaşlığımızın əhəmiyyəti daha da arta bilər. Bunu nəzərə alaraq, Sizi münasib hesab etdiyiniz vaxtda Varşavada qarşılamağı səbirsizliklə gözləyirəm.

Bir daha milli bayram münasibətilə bütün Azərbaycan vətəndaşlarını səmimi-qəlbdən təbrik edirəm. Ölkənizin gələcək inkişafı, suverenliyinin möhkəmləndirilməsi və regionda mehriban qonşuluq münasibətlərinin qurulması istiqamətində Sizə yeni uğurlar arzulayıram.

Zati-alinizə ən yüksək ehtiramımı bildirirəm”.

Polşa Prezidenti Karol Navrotski təbrik məktubu

Mənbə: apa.az

Xəbər Lenti