BCG: Azərbaycan data mərkəzləri üçün qlobal mərkəzə çevrilə bilər

BCG: Azərbaycan data mərkəzləri üçün qlobal mərkəzə çevrilə bilər

Tarix: 02 Jun 2026 10:32

Azərbaycan rəqabətqabiliyyətli enerji təchizatı hesabına data mərkəzləri və süni intellekt infrastrukturu üçün cəlbedici ölkələrdən birinə çevrilə bilər.

"APA-Economics" xəbər verir ki, bunu Bakı Enerji Forumunun “Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi” adlı sessiyasında Boston Consulting Group-un (BCG) İdarəedici Direktoru və Baş tərəfdaşı Pattabi Seşadri deyib.

Onun sözlərinə görə, 2030-cu ilədək dünyada təxminən 75 giqavat həcmində yeni süni intellekt və data mərkəzi güclərinin istifadəyə verilməsi gözlənilir.

P.Seşadri bildirib ki, hər 1 giqavatlıq data mərkəzi təxminən 50 milyard ABŞ dolları həcmində investisiya tələb edir və bu sahədə qlobal rəqabət sürətlə artır.

“Bu, enerji təchizatının rəqabət qabiliyyəti və layihələrin həyata keçirilmə sürəti ilə bağlıdır. Bu baxımdan sual yaranır: niyə Azərbaycan olmasın?” – deyə o vurğulayıb.

BCG rəsmisinin sözlərinə görə, data mərkəzləri ölkələr üçün enerji ixracının yeni formasına çevrilə bilər.

O əlavə edib ki, süni intellekt texnologiyalarının uğurlu tətbiqi yalnız texnologiyadan deyil, insan kapitalından və idarəetmə proseslərinin yenidən qurulmasından asılıdır.

“Əsas məsələ insanlardır. Süni intellekt alətlərinin insanların gündəlik fəaliyyətinə inteqrasiyası və biznes proseslərinin yenidən qurulması vacibdir”, – deyə P.Seşadri qeyd edib.

Rahim Tarıverdiyev Pattabi Seşadri Boston Consulting Group data mərkəzləri

Mənbə: apa.az

Xəbər Lenti