Cümə, 5 İyun, 2026
Tarix: 02 Jun 2026 15:03
Xəzər dənizində yerləşən “Ümid” yatağında SOCAR tarixinin ən mürəkkəb yüksək təzyiqli quyularından biri üzrə işlər davam edir.
"APA-Economics" xəbər verir ki, bunu Bakı Enerji Forumunun “Qaz bazarları: İnfrastruktur, Strategiya və Geosiyasət” adlı sessiyasında “Ümid-Babək Əməliyyat Şirkəti”nin (UBOC) baş direktoru Elxan Bəşirov deyib.
Onun sözlərinə görə, “Ümid” Azərbaycanın strateji qaz yataqlarından biridir. Yataqdan hasil olunan qaz və kondensat əsasən ölkənin daxili tələbatının ödənilməsinə yönəldilir.
E.Bəşirov bildirib ki, UBOC hazırda 97%-dən yuxarı etibarlılıq göstəricisi ilə fəaliyyət göstərir.
“Hazırda ‘Ümid’ yatağının cənub cinahında Xəzər hövzəsində indiyədək qazılmamış mürəkkəb yüksək təzyiqli quyu üzərində işləyirik. Bu, SOCAR tarixində ən mürəkkəb quyulardan biridir. Əsas quyu hissəsini vaxtından əvvəl və büdcədən aşağı xərclə tamamlamışıq”, – deyə o qeyd edib.
UBOC rəhbərinin sözlərinə görə, Xəzər regionunun qlobal enerji bazarında rəqabət qabiliyyətini artırmasının əsas yolu əməliyyat səmərəliliyinin yüksəldilməsindən keçir.
“Xəzər hövzəsi ehtiyatlarla zəngindir. Lakin Yaxın Şərq kimi iri enerji regionları ilə rəqabət aparmaq üçün layihələrin icrasında maksimum səmərəlilik təmin edilməlidir”, – deyə E.Bəşirov əlavə edib.
Rahim Tarıverdiyev Elxan Bəşirov “Ümid” yatağı. SOCARMənbə: apa.az