Milli Məclisin sədri Belqradda Qadın Parlamentarilərin Qlobal Konfransında çıxış edib

Milli Məclisin sədri Belqradda Qadın Parlamentarilərin Qlobal Konfransında çıxış edib

Tarix: 02 Jun 2026 18:46

Milli Məclisin sədri Sahibə Qafarova bu gün Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən Parlamentlərarası İttifaqın Qadın Parlamentarilərin Qlobal Konfransında çıxış edib. Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib. Sahibə Qafarova "Paritetə doğru irəliləyiş: Gender stereotipləri və mənfi sosial normaların yaratdığı maneələrin aradan qaldırılması" mövzusunda çıxışında belə tədbirlərin beynəlxalq əməkdaşlığın vacibliyini – fikir mübadiləsinin və qabaqcıl təcrübələrin paylaşılmasının əhəmiyyətini aydın şəkildə nümayiş etdirdiyini vurğulayaraq, bu gün müzakirə olunan problemlərin yalnız bir ölkə və ya regionla məhdudlaşmadığını qeyd edib. Milli Məclisin sədri bu gün bir sıra mühüm nailiyyətlərin əldə edildiyini, lakin hələ də aradan qaldırılması vacib olan problemlərin mövcud olduğunu bildirib. Onun sözlərinə görə, bu problemlərin ən çətini isə qadınların şəxsi inkişafını məhdudlaşdıran stereotiplər və sosial normalardır. Milli Məclisin sədri deyib ki, təkcə qanunvericilik arzu olunan nəticələri təmin edə bilməz. Bunun üçün bütün cəmiyyəti əhatə edən yanaşmaya əsaslanan daha sistemli və hərtərəfli münasibətə ehtiyac var. Stereotipləri və sosial normaları dəyişdirmək üçün ilk növbədə cəmiyyətin düşüncə tərzi dəyişməlidir. Cəmiyyətlər qadın və kişi bərabərliyini əsas dəyər kimi qəbul etməyə təşviq edilməlidirlər. Milli Məclisin sədri çıxışında Azərbaycanda gender bərabərliyi və qadınların həyatın bütün sahələrində təmsilçiliyinin artırılması istiqamətində görülən işlər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Konstitusiyasında qadın və kişilərin bərabər hüquqları təsbit edilib, 2006-cı ildə qəbul edilmiş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanun isə bu sahədə hüquqi bazanı formalaşdırıb. Gender siyasətinin institusional əsaslarının formalaşdırılması istiqamətində atılan mühüm addımlardan biri də 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılmasıdır. Milli Məclisin sədri xüsusilə vurğulayıb ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə məişət zorakılığı ilə mübarizə aparılması, ayrı-seçkiliyin aradan qaldırılması, qadınların təhsil və məşğulluq imkanlarının genişləndirilməsi, eləcə də onların səlahiyyətləndirilməsinin təşviq edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Vacib məqam ondan ibarətdir ki, Azərbaycanda əldə olunmuş bu nəticələr davamlı xarakter daşıyır və dövlətimizin gender bərabərliyinin təmin olunmasına yönəlmiş ardıcıl siyasətini əks etdirir.

Firuzə Vahid
Milli Məclisin sədri Belqradda Qadın Parlamentarilərin Qlobal Konfransında çıxış edib
Milli Məclisin sədri Belqradda Qadın Parlamentarilərin Qlobal Konfransında çıxış edib

Mənbə: apa.az

Xəbər Lenti