Çərşənbə, 3 İyun, 2026
Tarix: 03 Jun 2026 18:08
Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dankan Normanı qəbul edib.
XİN-dən APA-ya verilən xəbərə görə, görüş zamanı səfir Norman etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.
Nazir səfiri yeni təyinatı münasibətilə təbrik edib, ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı Azərbaycan-Birləşmiş Krallıq münasibətlərinin mövcud vəziyyəti və perspektivləri, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycan ilə Birləşmiş Krallıq arasında siyasi, iqtisadi, enerji, ticarət, investisiyalar, təhsil və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini məmnunluqla qeyd ediblər.
Bununla yanaşı, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi, yüksək səviyyəli qarşılıqlı təmasların və iqtisadi tərəfdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.
Nazir Ceyhun Bayramov bölgədə mövcud vəziyyət, postmünaqişə dövründə yaranmış reallıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi, ölkəmiz tərəfindən atılan addımlar barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
Səfir Dankan Norman Azərbaycanda fəaliyyətə başlamaqdan məmnunluğunu ifadə edib, ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də nəzərdən keçirilib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Britaniyanın yeni səfiri Dankan Norman
Mənbə: apa.az