Şənbə, 6 İyun, 2026
Tarix: 06 Jun 2026 11:50
Ötən tədris ilində ABŞ-da 1329 azərbaycanlı tələbə təhsil alıb. Bu, əvvəlki illə müqayisədə 18 faiz artım deməkdir.
APA xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon ABŞ səfirliyi və “Education USA” tərəfindən ABŞ-da təhsillə bağlı təşkil olunmuş sərgidə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, dördüncü ildir ki, ABŞ-a üz tutan azərbaycanlı tələbələrin sayında artım qeydə alınır.
“ABŞ azərbaycanlı tələbələrin ali təhsil almaq üçün üstünlük verdiyi istiqamətlərdən biri olaraq qalır və biz son illərdə əlamətdar artımın şahidi olmuşuq. Ardıcıl olaraq dördüncü ildir ki, ciddi artım müşahidə olunur və bu, Amerika təhsilinin keyfiyyətinə olan etimadın getdikcə artdığını göstərir. ABŞ-da təhsil alan azərbaycanlı tələbələr yalnız yüksək səviyyəli təhsil əldə etmirlər. Onlar həm də mədəniyyətlər arasında körpü rolunu oynayır, uzunmüddətli əlaqələr qurur və Azərbaycana ölkənin inkişafına töhfə verə biləcək yeni və innovativ baxışlarla qayıdırlar", - Emi Karlon qeyd edib.
ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Rendi Koul isə deyib ki, Azərbaycandan olan tələbələr ABŞ-dan geri qayıdarkən analitik düşüncə tərzi, güclü peşə bacarıqları və ABŞ-da təhsil almış 8 mindən çox azərbaycanlıdan ibarət məzun şəbəkəsinin bir hissəsi olmaq imkanı qazanırlar: “Bu da göstərir ki, azərbaycanlı tələbələr və onların ailələri Amerika təhsilinin və aparıcı ali təhsil müəssisələrinin dəyərini yaxşı anlayırlar. ABŞ-ın ali təhsil sistemi olduqca genişdir".
Toğrul Quluzadə ABŞ-da təhsil azərbaycanlı tələbələr müvəqqəti işlər vəkili Emi Karlon

Mənbə: apa.az