Şənbə, 13 İyun, 2026
Tarix: 13 Jun 2026 17:30
ABŞ-la aparılan danışıqların hazırkı mərhələsində əsas diqqət bütün cəbhələrdə müharibənin dayandırılmasına yönəlib.
APA xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.
“Əvvəlki təcrübəni nəzərə alaraq, bu mərhələdə əsas diqqət bütün cəbhələrdə, o cümlədən Livanda müharibənin dayandırılmasına yönəlib və nüvə məsələsinin müzakirə edilməməsi qərara alınıb”, – Bəqai bildirib.
Onun sözlərinə görə, hazırda müzakirə olunan sənəd İran və ABŞ arasında yekun saziş deyil: “Bu, İran və ABŞ arasında yekun razılaşma deyil, daha çox mübahisəli məsələlərin ümumi çərçivəsini müəyyən edən və müharibənin başa çatacağını dəqiqləşdirən anlaşmadır”.
XİN sözçüsü qeyd edib ki, nüvə proqramı ilə bağlı məsələlərin sonrakı mərhələdə müzakirə olunması nəzərdə tutulur: “Nüvə məsələsinin də 60 gün ərzində müzakirə olunması planlaşdırılır. Buna görə də hazırkı mərhələdə onun detalları üzrə heç bir müzakirə aparılmır”.
İran XİN rəsmisi vurğulayıb ki, hazırda danışıqlarda İran gəmilərinə hücumlar və Hörmüz boğazı ilə bağlı məsələlər də müzakirə predmetidir.
Eyni zamanda Bəqai əlavə edib ki, əgər qarşı tərəf öz öhdəliklərini yerinə yetirməkdən imtina edərsə, İran cavab tədbirləri görəcək: “Öhdəliklər qarşılıqlı əsasda müəyyən ediləcək və istənilən mərhələdə qarşı tərəf öhdəliklərini yerinə yetirməkdən imtina edərsə, İrana cavab tədbirləri görmək hüququ veriləcək”.
İlqar Xudiyev İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl BəqaiMənbə: apa.az