Bazar, 14 İyun, 2026
Tarix: 13 Jun 2026 22:45
Almaniyanın Aşağı Saksoniya federal əyalətində, Şimal dənizi sahilində yerləşən Nordholz hərbi-dəniz aviasiya bazasında İkinci Dünya müharibəsindən qalmış "StuG III" özüyeriyən artilleriya qurğusu aşkarlanıb.
Bu barədə "Bild" qəzeti məlumat yayıb.
Məlumata görə, tikinti işləri zamanı fəhlələr təsadüfən Wehrmacht ordusuna məxsus, demək olar ki, tam salamat qalmış döyüş texnikasına rast gəliblər.
Ekspertlərin fikrincə, çəkisi 29 ton olan "StuG III" təxminən 80 il qum altında qalıb. Buna baxmayaraq, texnikanın vəziyyəti olduqca yaxşıdır.
Mütəxəssislər bildiriblər ki, hərəkət hissələrinin bəzi elementləri demək olar ki, yeni vəziyyətdədir və onların üzərində hətta orijinal kamuflyaj boyasının izləri də qorunub saxlanılıb.
Arxeoloqlar ehtimal edirlər ki, müharibədən sonra müttəfiq qüvvələr bu texnikanı digər hərbi metal tullantıları ilə birlikdə basdırıblar.
Hazırda döyüş maşını hərbi bazanın ərazisində mühafizə olunur. Yaxın vaxtlarda onun bərpa olunması üçün Münsterdə yerləşən Alman Tank Muzeyinə göndərilməsi planlaşdırılır.
Almaniya StuG III İkinci Dünya müharibəsi
Mənbə: apa.az