Səfir: Almaniya ilə Azərbaycan arasında ticarət balansı bərabərdir

Səfir: Almaniya ilə Azərbaycan arasında ticarət balansı bərabərdir

Tarix: 15 Jun 2026 15:32

Azərbaycanla iqtisadi sahədə ticarət münasibətlərimizin sabit, lakin tədrici şəkildə inkişaf etdiyini müşahidə edirik.

APA xəbər verir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann səlahiyyət müddətinin başa çatması ilə əlaqədar təşkil edilən mətbuat konfransında deyib.

“Ötən il ikitərəfli ticarət dövriyyəsi təxminən 1,7 milyard avro təşkil edib. Ticarətimizin az-çox balanslı olması da bu münasibətlərin yetkinliyinin göstəricisidir. Çünki xammal ixrac edən ölkələrlə ticarət əlaqələrimizdə çox vaxt ticarət balansı həmin xammal ixrac edən ölkənin xeyrinə ciddi şəkildə qeyri-bərabər olur. Almaniya ilə Azərbaycan arasında isə vəziyyət fərqlidir - ticarət balansı çox tarazlıdır. Almaniyanın Azərbaycandan əsas idxalı neft olub. Almaniyanın Azərbaycana əsas ixrac məhsulları isə maşın və avadanlıqlar, elektronika və avtomobillərdir.

Yenə də diqqətəlayiq məqam ondan ibarətdir ki, ticarət balansımız bərabərdir. Bu isə yeni imkanların axtarılması üçün çox yaxşı başlanğıc nöqtəsidir”,- səfir qeyd edib.

O əlavə edib ki, ölkələrimiz arasında münasibətlərin inkişafı üçün digər mühüm amil enerji sektorudur.

“Bildiyiniz kimi, Azərbaycandan neft idxalından əlavə, hazırda üç Almaniya şirkəti SOCAR ilə Azərbaycan qazının alınmasına dair müqavilə bağlayıb. Bu, Almaniyanı birbaşa Azərbaycan qazının istehlakçısına çevirməyib, çünki Azərbaycanla Almaniya arasında qaz kəməri bağlantısı yoxdur.

Lakin Avropa İttifaqının Azərbaycandan idxal etdiyi qazın böyük hissəsi İtaliyaya gedir və daha sonra inteqrasiya olunmuş Avropa enerji bazarında ticarət edilir. Avropa İttifaqının müxtəlif ölkələri və enerji şirkətləri arasında çoxsaylı “swap” (mübadilə) razılaşmaları mövcuddur. Beləliklə, Almaniya əsasən İtaliya və Avstriya ilə aparılan mübadilələr vasitəsilə dolayı yolla Azərbaycan qazını idxal edir və ya istehlak edir”,- Ralf Horlemann qeyd edib.

O, Azərbaycan və Almaniya arasında mədəni əlaqələrə də toxunub.

“Dörd il əvvəl Azərbaycana gəldiyim zaman məni ən çox təəccübləndirən məsələlərdən biri alman dilini öyrənən və danışan azərbaycanlıların çoxluğu oldu.

Orta hesabla hər il təxminən 50 min azərbaycanlı alman dilini öyrənir. Bu da alman dilini Azərbaycanda ən çox öyrənilən ikinci xarici dilə çevirir ki, bu da həqiqətən heyrətamiz göstəricidir.

Biz hər il rekord sayda viza vermişik. Ötən il bu rəqəm təxminən 25 min olub. Onların arasında 1500 tələbə vizası da var idi. Bundan əlavə, Almaniyada işləmək üçün gedən şəxslərə də vizalar verilib.

Hər iki istiqamətdə insanların səfərləri davam edir. Bu gün Almaniyada yaşayan təxminən 40 min azərbaycanlı da mədəni əlaqələrimiz üçün möhkəm və geniş bir təməl yaradır”,- Almaniya səfiri bildirib.

Səfir, həmçinin qeyd edib ki, ilk 10 il ərzində Azərbaycandan Almaniyaya idxal edilən təbii qazın həcminin təxminən 2 milyard kubmetr səviyyəsində olacağını güman edir.

Toğrul Quluzadə Səfir Almaniya Azərbaycan arasında ticarət

Mənbə: apa.az

Xəbər Lenti