Cümə axşamı, 18 İyun, 2026
Tarix: 18 Jun 2026 20:21
18 iyun tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı aparılıb.
APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma Memorandumu üzrə əldə olunmuş razılaşma ətrafında fikir mübadiləsi aparılıb.
Pakistan İslam Respublikasının danışıqlar prosesində oynadığı mühüm vasitəçilik rolu ölkəmiz adından təqdir olunub, xüsusilə Pakistanın Baş naziri cənab Şahbaz Şərifin, Baş nazirin müavini və xarici işlər naziri Məhəmməd İshaq Darın, eləcə də Müdafiə Qüvvələri Rəisi feldmarşal Asim Munirin şəxsi töhfələrinin danışıqların uğurla yekunlaşmasında əhəmiyyətli rol oynadığı vurğulanıb. Həmçinin, prosesə dəstək göstərən digər regional tərəfdaşların töhfələri məmnunluqla qeyd edilib.
Tərəflər əldə olunmuş razılaşmanın regionda gərginliyin azaldılmasına, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və diplomatik həll yollarının təşviqinə xidmət etdiyini qeyd ediblər.
Nazir Ceyhun Bayramov növbəti mərhələdə hərtərəfli razılaşmanın əldə olunması istiqamətində aparılacaq danışıqların davamlı sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunmasına mühüm töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan XİN Ceyhun Bayramov Pakistan ABŞ İranMənbə: apa.az