Səlahiyyətli nümayəndə: Naxçıvan ən əlverişli investisiya və istehsal məkanlarından biri hesab edilə bilər

Səlahiyyətli nümayəndə: Naxçıvan ən əlverişli investisiya və istehsal məkanlarından biri hesab edilə bilər

Tarix: 22 Jun 2026 11:18

"Naxçıvan Muxtar Respublikası ölkəmizdə artıq ən əlverişli investisiya və istehsal məkanlarından biri hesab edilə bilər. Prezidentin xüsusi qayğısı və göstərişləri ilə son illər muxtar respublika fermerlərinə və sahibkarlarına dövlət dəstəyinin əhatəsi, eləcə də blokada amili nəzərə alınaraq xüsusi imtiyazların tətbiqi daha da genişləndirilib".

APA xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublilasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emal sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında regional müşavirədə deyib.

Qeyd olunub ki, müvafiq qaydada sahibkarlıq subyektlərinin 10 il müddətinə vergi və gömrük rüsumlarından azad olması, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, muxtar respubliakda istehsal olunan məhsulların ölkənin digər hissəsinə daşınmasının daşıma xərclərinin subsidiyalaşdırılması, muxtar respublikanın bütün ərazisinin heyvan xəstəliklərindən azad zonaya çevrilməsi, eləcə də kənd təsərrüfatı subsidiyalarının fərqləndirilmiş əmsallarla ödənişi aqrar sahənin inkişafına əhəmiyyətli stimul verəcək:

"Eləcə də, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” və “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026−2030-cu illər üçün Tədbirlər Planı” çərçivəsində nəzərdə tutulan tədbirlərin icrası sahənin inkişafına ciddi təkan verəcək.

Əminəm ki, bu gün keçirilən müşavirə Dövlət Proqramının mahiyyətinin daha geniş izah edilməsinə, mövcud imkanların sahibkar və fermerlərə çatdırılmasına, eyni zamanda qarşılıqlı fikir mübadiləsinə mühüm töhfə verəcək".

Mənbə: apa.az

Xəbər Lenti