Bazar ertəsi, 22 İyun, 2026
Tarix: 22 Jun 2026 12:46
"Naxçıvan Muxtar Respublikası ölkəmizin mühüm aqrar potensiala malik regionlarından biridir. Arazboyu düzənliklər, çay vadiləri və əlverişli suvarma imkanları burada taxılçılıq, tərəvəzçilik, kartofçuluq, meyvəçilik, üzümçülük kimi sahələrin inkişafı üçün geniş imkanlar yaradır. Eyni zamanda dağlıq və dağətəyi ərazilərdə heyvandarlıq kimi ənənəvi kənd təsərrüfatı istiqaməti də mühüm əhəmiyyət daşıyır".
APA xəbər verir ki, bunu ADSEA sədrinin müavini İlham Bayramov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emal sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında keçirilən regional müşavirədə deyib.
ADSEA təmsilçisi bildirib ki, bu baxımdan Naxçıvan Muxtar Respublikasında aqrar istehsalın davamlı inkişafı və kənd yerlərində sosial rifahın yüksəldilməsi bilavasitə etibarlı və dayanıqlı su təminatından asılıdır: "Lakin, Naxçıvanın quru kontinental iqlim şəraiti, yağıntıların məhdudluğu, yay aylarında yüksək temperatur və suvarmaya olan tələbatın artması su ehtiyatlarından daha qənaətli və səmərəli istifadəni region üçün xüsusi aktuallıq kəsb edən məsələyə çevirir".
Onun sözlərinə görə, məhz buna görə son illərdə ölkə üzrə su ehtiyatlarının qorunması, yeni su mənbələrinin yaradılması, mövcud infrastrukturun yenilənməsi və suvarma sistemlərinin modernləşdirilməsi istiqamətində intensiv və genişmiqyaslı layihələr həyata keçirilir. Bu layihələr Naxçıvan Muxtar Respublikasında da kənd təsərrüfatının dayanıqlı su təminatının yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd olunub ki, son 20 ildə su təsərrüfatı sahəsinə əhəmiyyətli dövlət vəsaiti yönəldilmiş, infrastruktur genişləndirilmiş və su ehtiyatlarının artırılması istiqamətində mühüm işlər görülüb:
"Naxçıvan Muxtar Respublikasında bu istiqamətdə həyata keçirilən tədbirlər xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”ı təsdiq edilmiş və Tədbirlər Planına daxil olan bir sıra layihələrin icrasına başlanılıb.
Bu çərçivədə Qaraçuq-1 nasos stansiyasının yenidən qurulması və təzyiqli boru xəttinin tikintisi, Qaraçuq magistral kanalının yenidən qurulması, Araz-1 və Araz-2 iki pilləli nasos stansiyası və boru xəttinin yenidən qurulması, Əlincəçaydan su götürən və Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması, Sədərək rayonunda içməli su təchizatı və kanalizasiya şəbəkəsinin qurulması, Kəngərli rayonunun bir sıra yaşayış məntəqələrinin içməli su təchizatı infrastrukturunun təkmilləşdirilməsi, həmçinin yeni subartezian quyularının qazılması və müvafiq infrastrukturun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Bu tədbirlərin həyata keçirilməsi nəticəsində Naxçıvan Muxtar Respublikasında mövcud suvarma sistemlərinin texniki vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, su itkilərinin azaldılması, ümumilikdə 41000 hektar əkin sahəsinin dayanıqlı su təminatının gücləndirilməsi və 2500 hektar yeni ərazinin əkin dövriyyəsinə cəlb edilməsi hədəflənir".
Ceyhun Məmmədov ADSEA Naxçıvan iqlim su ehtiyatları aqrar sahə
Mənbə: apa.az