Bazar ertəsi, 22 İyun, 2026
Tarix: 22 Jun 2026 13:28
Cambridge Assessment English təşkilatının Azərbaycanda Tədris Kvalifikasiyaları üzrə yeganə mərkəzi/tərəfdaşı olan AMİM ingilis dili mütəxəssisləri üçün beynəlxalq sertifikasiya proqramlarını davam etdirir. Hər il olduğu kimi, bu il də AMİM dünyada ən yüksək ingilis dili üzrə sertifikasiya proqramı olan CELTA proqramlarını təşkil edir.
Bu gün başlayan kurs cari ildə keçirilən ikinci kursdur. 2026-cı il ərzində daha 3 CELTA kursunun keçirilməsi nəzərdə tutulub. Qeyd olunmalıdır ki, CELTA kursları həm əyani, həm onlayn formatda keçirilir. Ümumilikdə, cari ilin CELTA kurslarında 70 nəfərə yaxın yerli ingilis dili mütəxəssisinin iştirakı nəzərdə tutulub, bu günədək isə təxminən 200 nəfər yerli ingilis dili mütəxəssisi beynəlxalq CELTA kvalifikasiyasına yiyələnərək beynəlxalq sertifikaltlarla təltif olunub.
Kursun açılış mərasimində çıxış edən Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bankini belə beynəlxalq kursların əhəmiyyəti haqqında danışaraq, onların ingilis dili mütəxəssislərinin bilik və bacarıqlarının beynəlxalq təcrübəyə uyğunlaşdırılması sahəsində böyük rol oynadığını qeyd edib və kurs iştirakçıları ilə təlimçilərə uğurlar arzulayıb.
Françesko Bankini xüsusi olaraq qeyd edib ki, CELTA kurslarını uğurla bitirən müəllimlər daha geniş karyera imkanları əldə edir və bu da öz növbəsində onlara CELTA çərçivəsində əldə etdikləri yeni tədris metodologiyalarını tətbiq etməyə yeni imkanlar yaradır.
Açılış tədbirində iştirak edən "Britaniya Şurası" (British Council) təşkilatının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva öz çıxışında müasir qloballaşma proseslərində ingilis dilinin əhəmiyyəti haqqında danışaraq bildirib ki, dünyada ingilis dili təxminən 2,3 milyard insanı birləşdirən qlobal ünsiyyət dili olaraq beynəlxalq təhsilə çıxışı asanlaşdırır və beynəlxalq karyera imkanlarını, qlobal biznes, texnologiya və diplomatiyanın əsas dili kimi daha geniş tədris olunmalıdır. Çıxışının sonunda Nərgiz Hacıyeva ingilis dilinin tədrisi sahəsində CELTA kvalifikasiyasının nüfuzunu xüsusi qeyd edərək iştirakçılara və təlimçilərə uğurlar arzulayıb.
Qeyd olunmalıdır ki, ildən ilə CELTA kurslarında iştirakçı sayının çoxalması AMİM tərəfindən keçirilən beynəlxalq sertifikasiya proqramına marağın artmasına dəlalət edir. Cambridge kurslarına marağın artmasını nəzərə alaraq, AMİM 2027-ci ildə artıq 3 əyani və 2 onlayn kursun keçirilməsini planlaşdırır və hazırda bu kurslara qeydiyyat davam edir.
CELTA kursları Cambridge mütəxəssisləri tərəfindən aparılacaq. Proqramın sonunda iştirakçılara Cambridge beynəlxalq sertifikatı təqdim olunacaq. Bundan əlavə, AMİM Cambridge DELTA proqramına aid Modul 2 və Modul 3 üzrə təlimlər təşkil edir. Həmçinin, ilk dəfə olaraq cari ilin sentyabr ayından Cambridge Profeccional Qualifications (Kembric beynəlxalq kvalifikasiyalara) start veriləcək.
CELTA (Certificate in English Language Teaching to Adults) kursu haqqında
CELTA dünyada ingilis dilinin tədrisi ilə bağlı ən çox tanınan sertifikasiya proqramıdır. CELTA sertifikasiya proqramı Böyük Britaniyanın Cambridge Assessment English təşkilatının ingilis dilini tədris edənlər üçün əsas məhsullarından biri olaraq yüksək keyfiyyətli və effektiv proqram hesab olunur. Hər il dünyada 10 000-dən çox mütəxəssis CELTA təlimini tamamlayaraq CELTA kvalifikasiyasına yiyələnir.
CELTA kvalifikasiyanı əldə etmək üçün 5 əsas səbəb:
✔ Bütün dünyada CELTA ən çox tələb olunan ingilis dili tədrisi üzrə kvalifikasiyadır.
✔ Keçirildiyi ölkədən asılı olmayaraq hər bir CELTA təlimi Cambridge Assessment English tərəfindən nəzarət olunur.
✔ CELTA təlimçiləri yüksək kvalifikasiyalı və təcrübəli peşəkarlar arasından seçilir və sertifikasiya olunur.
✔ Bütün CELTA təlimləri rəsmiləşdirilmiş kurrikulum standartlarına əsasən təşkil olunur.
✔ CELTA təliminə real dərs mühitində tədris praktikası daxildir.
CELTA kursunun strukturu
Təlim kursu aşağıdakı istiqamətləri əhatə edir:
Müəllim və tələbə, tədris və öyrənmə konteksti Dilin analizi və dil barəsində məlumatlılıq Dil bilikləri: oxu, dinləmə, yazı və danışıq Müxtəlif tədris kontekstləri üçün dərs planlama və mənbələr Müəllimlik bacarıqlarının inkişafı və peşəkarlığın artırılmasıCELTA nəyi öyrədir?
Sizi müxtəlif kontekstlərdə ingilis dilini öyrənən tələbələrin motivasiyası, dil öyrənmə prosesində müəllimin və tələbənin rolu barədə məlumatlandırır. Sizə ingilis dilini öyrənən tələbələrə effektiv dərs keçmək üçün metodikanı təqdim edir. Sizə ingilis dilini öyrənən tələbələrə dərs keçmək üçün ilkin bacarıqları aşılayır. Sizi dərs keçmək və qiymətləndirmək üçün istifadə edə biləcəyiniz mənbələr və materiallarla tanış edir. Sizə peşə sahənizdə gələcək inkişafınız üçün imkanlar yaradırCELTA sertifikatının karyera inkişafına təsiri
Bütün dünyada CELTA sertifikatı təhsil sahəsində işəgötürənlər arasında ən yüksək dəyərləndirilən kvalifikasiyalardan biridir. Statistikaya görə, ingilis dilinin tədrisi ilə bağlı verilən iş elanlarının 70 faizində CELTA sertifikatı tələb olunur. Xüsusi olaraq vurğulanmalıdır ki, Böyük Britaniyada işəgötürənlərin ən azı 90 faizi onlarla işləyən müəllimlərdən CELTA sertifikatına malik olmasını tələb edir.
Qeyd etmək yerinə düşər ki, hazırda 2026 və 2007-ci ildə keçiriləcək CELTA kurslarına qeydiyyat davam edir. AMİM tərəfindən keçirilən proqramlara qeydiyyata alınmaq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
WhatsApp: +99450 290-16-95











Mənbə: apa.az