Çərşənbə, 24 İyun, 2026
Tarix: 24 Jun 2026 11:26
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin təşkilatçılığı ilə Yevlax rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqi keçirilib.
Nazirlikdən APA-ya verilən xəbərə görə, “Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti” mövzusunda keçirilən məşqdə FHN-in Aran Regional Mərkəzinin rəisi polkovnik-leytenant Ramin Orucov, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, rayon hüquq-mühafizə orqanlarının, aidiyyəti qurumların rəhbər şəxsləri, Fövqəladə hallar üzrə Komissiya, Mülki müdafiə qərargahı, ərazi mülki müdafiə dəstələrinin şəxsi heyəti iştirak edib.
Məşqə Yevlax rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin 44 ədəd texnika və 176 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.
Məşqin keçirilməsində məqsəd ərazi mülki müdafiə dəstələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.
Tədbir zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Tədbirdə çıxış edənlər ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə məşqin vacibliyini diqqətə çatdırıb, bu cür tədbirlərin əhəmiyyətindən danışıblar.
Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.
Selcan Zaurqızı Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzi mülki müdafiə məşqi



Mənbə: apa.az