Qərbi Azərbaycan İcmasında Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilib - FOTO

Qərbi Azərbaycan İcmasında Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilib - FOTO

Tarix: 24 Jun 2026 12:04

Ümumdünya Qaçqınlar Günü münasibətilə Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə tədbir keçirilib.

APA xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ulu Öndər Heydər Əliyevin, şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə Milli Məclisin deputatları, elm və təhsil ictimaiyyətinin nümayəndələri, ziyalılar, Qərbi Azərbaycan İcmasının üzvləri və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, Ermənistan rəhbərliyi sülh danışıqları getsə də, Qərbi Azərbaycan qaçqınlarının öz doğma evlərinə qayıtmasına hələ də mane olur: “Ermənistanla Azərbaycan arasındakı sülh danışıqlarının şərti kimi Qərbi Azərbaycan qaçqınlarının da öz ata-baba yurdlarına qayıtması məsələsinə aydınlıq gətirilməlidir. Bu, onların təkcə insanlıq haqqı deyil, eyni zamanda beynəlxalq hüquqa söykənən haqqıdır. Bizim istər beynəlxalq təşkilatlara, istər Ermənistan rəhbərliyinə etdiyimiz müraciətlər hələ də cavabsız qalmaqdadır. Amma Ermənistan rəhbərliyi birdəfəlik bilməlidir ki, regionda yaranmış, Azərbaycan dövləti və Azərbaycan Prezidenti tərəfindən yaradılmış bu reallıqlarla hesablaşmağa məcburdur. Çünki sülhün əsas təminatı birgə yaşayışdır. Erməni və Azərbaycan xalqları əgər bu birgə yaşayışa qoşulmayacaqlarsa, bu insanlar öz ata-baba yurdlarına qayıtmayacaqlarsa, təbii ki, bu sülhün də davamlı olacağını düşünmək bir qədər absurd olardı”.

Əziz Ələkbərli bu yaxınlarda Qərbi Azərbaycan İcmasında alim Səbuhi Hüseynovla birlikdə Ermənistandakı 201 azərbaycanlı qəbiristanlığı üzərində apardıqları monitorinqin nəticələrinə də toxunub: “Həmin qəbiristanlıqların 12-si üzərindən asfalt yollar çəkilib, 16-sının yerində yaşayış evləri tikilib, 56-sı əkin sahəsinə çevrilib, 6-sı erməni qəbiristanlığı kimi istifadə olunub, 67-si vandalizmə məruz qalıb, digərlərinin ərazilərində isə müxtəlif tikinti və təsərrüfat işləri aparılıb”.

Daha sonra Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa “Qaçqınlığın tarixi aspektləri (1828–1991-ci illər)” mövzusunda çıxış edərək Qərbi Azərbaycandan azərbaycanlıların deportasiya tarixindən və bu prosesin nəticələrindən bəhs edib.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Hüquq Komissiyasının sədri, hüquq elmləri doktoru, professor Zahid Cəfərov “Qayıdışın hüquqi aspektləri” mövzusunda məruzə ilə çıxış edərək beynəlxalq hüququn qayıdış hüququnu tanıyan norma və prinsiplərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü, sosiologiya elmləri üzrə fəlsəfə doktoru Əfqan Vəliyev qayıdış məsələsinin ictimai rəydə yeri və bu istiqamətdə aparılan maarifləndirmə işlərindən danışıb.

Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü, Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Rizvan Nəbiyev isə qayıdış prosesinin siyasi-diplomatik aspektlərini təhlil edərək beynəlxalq müstəvidə aparılan fəaliyyətin əhəmiyyətini vurğulayıb.

Tədbirin yekununda Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurası sədrinin müavini, tibb elmləri doktoru, professor Vaqif Şadlinski çıxış edərək qaçqınlıq həyatı yaşamış bir şəxs kimi doğma yurdlara qayıdışla bağlı gözləntilərini, bu istiqamətdə görülən işlərin əhəmiyyətini və gələcək fəaliyyət üçün tövsiyələrini iştirakçıların diqqətinə çatdırıb.

Çıxışlarda qeyd olunub ki, Qərbi Azərbaycan məsələsi təkcə tarixi ədalətin bərpası deyil, həm də beynəlxalq hüquqla tanınan fundamental insan hüquqlarının təmin olunması məsələsidir.

Sonda vurğulanıb ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında müəyyən edilmiş məqsədlərin həyata keçirilməsi tarixi ədalətin bərpasına, soydaşlarımızın doğma yurdlarına qovuşmasına və regionda davamlı sülhün möhkəmlənməsinə xidmət edəcək.

Tədbir mövzu ətrafında müzakirələrlə başa çatıb.

Günay Elşən Qərbi Azərbaycan İcması Ümumdünya Qaçqınlar Günü
Qərbi Azərbaycan İcmasında Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbir keçirilib - FOTO

Mənbə: apa.az

Xəbər Lenti