Səbinə Salmanova: Qalibafın Bakıda verdiyi mesajlar Azərbaycan-İran münasibətlərinin real mahiyyətini ortaya qoydu

Səbinə Salmanova: Qalibafın Bakıda verdiyi mesajlar Azərbaycan-İran münasibətlərinin real mahiyyətini ortaya qoydu

Tarix: 24 Jun 2026 22:55

“İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın Bakıda verdiyi mesajlar Azərbaycan-İran münasibətlərinin real mahiyyətini ortaya qoydu”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova bildirib.

Deputat deyib ki, Məhəmməd Baqir Qalibafın Azərbaycana səfəri və səsləndirdiyi fikirlər son dövrlərdə iki ölkə arasında münasibətlərin perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır: “Xüsusilə İran Prezidenti Məsud Pezeşkianın və parlament sədri Məhəmməd Baqir Qalibafın Azərbaycanla bağlı ardıcıl şəkildə verdikləri müsbət mesajlar bəzi radikal dairələrin yaratmağa çalışdığı süni gündəmin reallığı əks etdirmədiyini göstərir. Son illər İran daxilində müəyyən dini-hərbi qrupların və bəzi siyasətçilərin Azərbaycanla bağlı əsassız ittihamlar səsləndirməsi iki ölkə arasında münasibətlərə kölgə salmağa hesablanmış cəhdlər olub. Lakin İranın ali siyasi rəhbərliyini təmsil edən şəxslərin, o cümlədən Prezident Məsud Pezeşkianın və parlament sədri Məhəmməd Baqir Qalibafın açıqlamaları göstərir ki, bu cür yanaşmalar dövlət siyasətini ifadə etmir. Əksinə, rəsmi Tehran Azərbaycanla münasibətlərin inkişafına, qarşılıqlı hörmət və mehriban qonşuluq prinsiplərinin qorunmasına xüsusi önəm verir. Məhəmməd Baqir Qalibafın Bakıda səsləndirdiyi fikirlər bu baxımdan çox aydın siyasi mesajdır və Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən dairələrə verilmiş ən sanballı cavablardan biridir. Bu bəyanatlar iki ölkə arasında münasibətlərin emosiyalar üzərində deyil, qarşılıqlı maraqlar və strateji əməkdaşlıq prinsipləri əsasında qurulduğunu bir daha nümayiş etdirir.

Azərbaycanın dostluğu dəyərləndirilir

Səbinə Salmanova qeyd edib ki, Məhəmməd Baqir Qalibafın çıxışında xüsusi diqqət çəkən məqamlardan biri İranın yaşadığı ağır günlərdə Azərbaycan dövlətinin və xalqının nümayiş etdirdiyi həmrəyliyə görə minnətdarlığın ifadə olunmasıdır: “Azərbaycan tarixən qonşularına münasibətdə humanist mövqe nümayiş etdirib. Hər hansı ölkənin çətin vəziyyətə düşməsindən siyasi dividend qazanmağa çalışmaq Azərbaycan dövlətinin siyasətinə xas deyil. İranın üzləşdiyi mürəkkəb proseslər zamanı da ölkəmiz öz dostluq və qonşuluq prinsiplərinə sadiq qaldı. Qalibafın bu dəstəyi xüsusi vurğulaması və Azərbaycan xalqına təşəkkür etməsi münasibətlərimizin səmimi təməllər üzərində qurulduğunu göstərir. Xalqlar arasında etimadın möhkəmlənməsində məhz belə məqamlar xüsusi rol oynayır. Dostluq yalnız xoş günlərdə deyil, çətin dövrlərdə də özünü göstərir. Azərbaycan xalqının nümayiş etdirdiyi həmrəylik İran cəmiyyətində də yüksək qiymətləndirilib və bu münasibət gələcək əməkdaşlığın daha da inkişafına müsbət təsir göstərəcək”.

Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi və mənəvi dəstək yüksək dəyərləndirilib

Deputatın sözlərinə görə, İran tərəfinin Prezident İlham Əliyevin addımlarına görə xüsusi təşəkkür ifadə etməsi də diqqət çəkən məqamlardandır: “Dövlət başçımızın İranın Bakıdakı səfirliyinə gələrək başsağlığı verməsi, faciə nəticəsində həyatını itirən insanlarla bağlı İran xalqının kədərinə şərik olması humanitar və mənəvi dəyərlərin təzahürü idi. Eyni zamanda Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin Ali Rəhbər vəzifəsinə seçilməsi münasibətilə göndərilən təbrik məktubu dövlətlərarası münasibətlərdə qarşılıqlı ehtiramın nümunəsidir. Qalibafın bu məsələləri ayrıca vurğulaması Azərbaycanın regionda etibarlı tərəfdaş kimi qəbul edildiyini göstərir. Bu, həm də onu göstərir ki, Azərbaycanın atdığı addımlar diqqətdən kənarda qalmır və dost ölkələr tərəfindən yüksək qiymətləndirilir. Qarşılıqlı hörmət münasibətlərin davamlı inkişafı üçün əsas şərtlərdən biridir”.

Səbinə Salmanova qeyd edib ki, Məhəmməd Baqir Qalibafın Azərbaycanın müharibə dövründə nümayiş etdirdiyi mövqeyin xüsusi vurğulanması təsadüfi deyil: “İranın yaşadığı mürəkkəb günlərdə Azərbaycan mehriban qonşuluq siyasətinə sadiq qaldı. Humanitar dəstək göstərildi, qarşılıqlı əlaqələr davam etdirildi və dost münasibətlər qorundu. Qalibafın Azərbaycan xalqının İranın yanında olmasını yüksək qiymətləndirməsi və bunun İran xalqının yaddaşında qalacağını bildirməsi mühüm siyasi və mənəvi əhəmiyyət daşıyır. Regionda baş verən hadisələr bir daha göstərdi ki, qonşu ölkələr arasında etimad və əməkdaşlıq alternativsizdir. Azərbaycan və İran tarix boyu müxtəlif sınaqlardan keçiblər. Bu gün də hər iki ölkə göstərir ki, qarşılıqlı dəstək və anlayış münasibətlərin əsasını təşkil edir. Qalibafın bu məsələyə xüsusi diqqət ayırması təsadüfi deyil”.

Birlik və həmrəylik münasibətlərin əsas sütunlarından biridir

Səbinə Salmanova hesab edir ki, İran parlamenti sədrinin vurğuladığı ən vacib məqamlardan biri də ölkələrimizin çətin dövrlərdə bir-birinin yanında olması ilə bağlı fikirləridir: “Bu gün dünyada mürəkkəb geosiyasi proseslər baş verir. Belə bir şəraitdə qonşu dövlətlərin qarşılıqlı etimada söykənən münasibətlər qurması xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və İranın çətin günlərdə bir-birinə dəstək verməsi münasibətlərimizin dayanıqlı xarakter daşıdığını göstərir. Bu həmrəylik gələcək əməkdaşlıq üçün də möhkəm zəmin yaradır. Xalqlarımız arasında tarixdən gələn əlaqələr mövcuddur. Bu bağlar siyasi münasibətlərin inkişafında da mühüm rol oynayır. Son aylarda verilən qarşılıqlı mesajlar göstərir ki, tərəflər münasibətləri daha da inkişaf etdirməkdə qərarlıdır”.

Qalibaf iran Azərbaycan

Mənbə: apa.az

Xəbər Lenti