Cümə axşamı, 25 İyun, 2026
Tarix: 25 Jun 2026 11:20
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qətnaməsi qərəzli və birtərəflidir, bu kağız parçasının bizim üçün artıq heç bir əhəmiyyəti yoxdur.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.
Məqsəd regionda yenidən gərginlik yaratmaqdır
Səməd Seyidov deyib ki, AŞPA-da anti-Azərbaycan yalanları və böhtanları ilə dolu növbəti bir sənəd qəbul olunub: “Bu addımlar bir daha göstərir ki, həmin təşkilat nə dərəcədə birtərəfli, ikili standartlara xidmət edən və qeyri-obyektiv mövqedən çıxış edir. Əslində, bu qətnamənin qəbul olunması zamanı Ukrayna nümayəndə heyətinin üzvünün çıxışı hər şeyi öz yerinə qoydu. Çıxışda qeyd edildi ki, açıq şəkildə demək lazımdır ki, əgər insan hüquqlarından danışırsınızsa, insan hüquqları ilə bağlı problemlər bütün ölkələrdə mövcuddur və bundan siyasi arqument kimi istifadə etmək qətiyyən düzgün deyil. Ən böyük təəssüf doğuran məqam isə ondan ibarətdir ki, Azərbaycan bu gün Cənubi Qafqazda sülh yaradır, siz isə bu sülhü pozmaq niyyətindəsiniz. Siz bu proseslərə müdaxilə edərək onları pozmağa çalışırsınız”.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri qeyd edib ki, yenidən qarşıdurma, yenidən müharibə, yenidən Cənubi Qafqazda gərgin və təhlükəli vəziyyət yaratmaq, daha sonra isə bu vəziyyətdən istifadə edərək bölgədə ağalıq etmək, göstəriş vermək və guya müəllim kimi dərs keçmək niyyəti daşıyırlar.
Avropa institutları öz nüfuzlarını itirirlər
“Onlar heç vaxt bu regiona səmimi yanaşmayıblar və indi də öz niyyətlərindən əl çəkmirlər. Ancaq başa düşməlidirlər ki, zaman dəyişib, Azərbaycan dəyişib, region dəyişib və Avropanın özü də dəyişib. Onlar bu addımlarla Avropa institutlarını nüfuzdan salır, bununla da Avropanın gələcəyinə və cazibədarlığına zərbə vururlar. Ona görə də bu kağız parçasının bizim üçün artıq heç bir əhəmiyyəti yoxdur. Çünki biz çoxdan bu təşkilata münasibətimizi bildirmişik və fəaliyyətimizi orada dayandırmışıq.Təəssüf doğuran haldır ki, həm Avropa Şurası Parlament Assambleyası, həm də Avropa İnsan Hüquqları Məhkəməsi öz nüfuzlarını və təsir imkanlarını itirdikləri üçün çıxış yolu tapa bilmirlər. Məhz buna görə də anti-Azərbaycan, azərbaycanofob, türkofob və islamofob məzmunlu qətnamələr qəbul edirlər, - deyə Səməd Seyidov bildirib.
"Frank Şvabenin mövqeyini də, niyyətini də yaxşı bilirik"
Səməd Seyidov bu qətnamənin Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınan müəyyən dairələrin maraqlarına xidmət etdiyini vurğulayıb: Belə şəxslərdən biri də Frank Şvabedir. Biz almaniyalı deputatın mövqeyini də, niyyətini də yaxşı bilirik. Bu, artıq heç kim üçün sirr deyil. O, Azərbaycanın uğurlarına və tərəqqisinə heç vaxt sevinməyib, daim əks mövqe sərgiləyib. Bu gün də öz təsir imkanlarından istifadə edərək həmin təşkilatı müəyyən mənada nəzarətdə saxlamağa çalışır. Təəssüf ki, təşkilatın özündə də bu cür yanaşmalara qarşı çıxacaq kifayət qədər iradə və cəsarət görünmür. Ona görə də bu təşkilatın həm əhəmiyyəti, həm təsiri, həm də nüfuzu demək olar ki, artıq ciddi şəkildə zəifləyib.
Səməd Seyidov. AŞPA qətnamə
Mənbə: apa.az