Şənbə, 27 İyun, 2026
Tarix: 27 Jun 2026 18:40
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən dövlət qurumlarının komandaları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda futzal turnirində mükafatçılar bəlli olub.
APA xəbər verir ki, İlham Əliyev adına Olimpiya İdman Kompleksində final və üçüncülük görüşləri keçirilib. Həlledici görüş Fövqəladə Hallar Nazirliyini (FHN) və Ədliyyə Nazirliyini təmsil edən komandalar arasında final qarşılaşması keçirilib. 700-ə yaxın tamaşaçının izlədiyi həlledici matçı 4:3 hesablı üstünlüklə tamamlayan FHN təmsilçiləri turnirin qalibi olublar.
Görüşdən sonra mükafatlandırma mərasimi təşkil olunub. Mərasimdə gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov, Fövqəladə hallar nazirinin müavini Ələsgər Ələsgərov, Naxçıvan Futbol Federasiyasının (NFF) vitse-prezidenti Arif Xudiyev, baş katib Raqif Abbasov və futzal üzrə milli komandamızın kapitanı Emin Kürdov iştirak ediblər. İlk üç yerin sahibləri diplom və medallarla mükafatlandırılıb. Hakim heyəti, müxtəlif nominasiya qalibləri fəxri fərmanla təltif olunublar. Məcid Seyidov turnirin baş mükafatı olan "Heydər Əliyev Kuboku"nu qalib komandaya təqdim edib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, AFFA, Azərbaycan Futzal Federasiyası və NFF-nin birgə təşkilatçılığı ilə mayın 16-da start götürən ənənəvi turnirdə 20 komandanın iştirakı ilə ümumilikdə 48 görüş keçirilib.
Ceyhun Məmmədov Heydər Əliyev Kuboku uğrunda turnir FHN komandası




Mənbə: apa.az