Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək

Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək

Tarix: 29 Jun 2026 12:42

Türk Dünyası Həftəsi ərzində Qarabağ Universitetində xüsusi konfrans keçiriləcək.

APA xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

O bildirib ki, həmin konfransda Türk dünyasının müxtəlif ölkələrindən tanınmış türkoloq alimlərin iştirakı nəzərdə tutulur.

“Dövlət başçısının imzaladığı müvafiq sərəncam əsasında Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə tədbirlər planı hazırlanıb. Həmin plana əsasən, il ərzində yüzə yaxın müxtəlif səpkili tədbirin keçirilməsi nəzərdə tutulur və artıq bu istiqamətdə fəaliyyətlər həyata keçirilir. Bu çərçivədə 1926-cı ildə keçirilmiş qurultayın stenoqramının yenidən nəşri, həmin dövrün çıxışlarının araşdırılması, qurultayda iştirak etmiş 131 ziyalının, alimin və türkoloqun elmi fəaliyyətinin öyrənilməsi, ictimaiyyətin daha geniş şəkildə maarifləndirilməsi, həmçinin xüsusi bədii-sənədli filmin hazırlanaraq təqdim olunması planlaşdırılır. Qeyd edim ki, bu il Türküstanda keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə Görüşündə də dövlət başçımız bu həftənin keçirilməsi ilə bağlı məlumat verib və iyun ayının sonundan etibarən Türk Dünyası Həftəsinin Azərbaycanda təşkil olunacağını bildirib”, - nazir müavini vurğulayıb.

Günay Elşən

Mənbə: apa.az

Xəbər Lenti