Özbəkistanın mədəniyyət naziri: Təhdidlər qarşısında birlik vacibdir

Özbəkistanın mədəniyyət naziri: Təhdidlər qarşısında birlik vacibdir

Tarix: 30 Jun 2026 11:44

Türk dünyasının birliyini gücləndirməliyik.

APA xəbər verir ki, bunu Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsi çərçivəsində “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi" mövzusunda keçirilən Beynəlxalq Konqresdə çıxışı zamanı bildirib.

“Bu gün qarşılaşdığımız təhdidlər göstərir ki, heç bir xalq, heç bir millət bu təhlükələrdən kənarda deyil. Bu təhdidlərdən qorunmaq üçün birlik vacibdir. Çünki bu gün beynəlxalq siyasətdə böyük dəyişikliklər baş verir. Buna görə bu cür görüşlər, qurultaylar keçirilməlidir. Bunu ürəkdən, səmimi şəkildə dərk etmək və ən mühüm vəzifə kimi xüsusilə bugünkü gənclərimizə, gələcək nəsillərə çatdırmaq lazımdır”, - nazir qeyd edib.

Onun sözlərinə görə, bu gün Türk xalqlarının tarixində 300-dən artıq böyük şəxsiyyət, alim və ziyalı var ki, onların irsi müstəqil dövlətçilik dövründə yenidən araşdırılıb və öyrənilir: “Özbək gəncləri həmin şəxsiyyətləri tanıyır. Bu istiqamətdə geniş işlər aparılır, qurultaylar və görüşlər keçirilir. Bu görüşlər çərçivəsində Türk xalqlarının alimləri, ziyalıları və bu sahəyə həsr olunmuş insanlar bir araya gəlirlər. İnanıram ki, qarşıdakı yüzillikdə biz bu birlik sayəsində daha güclü olacağıq. Yaxın gələcəkdə Türk aləminin dünyada öz layiqli yerini tutacağına və Türk xalqlarının bir-biri ilə dostluq, qardaşlıq münasibətlərini bütün dünyaya nümayiş etdirəcəyinə inanıram”.

Günay Elşən

Mənbə: apa.az

Xəbər Lenti