Cümə, 3 İyul, 2026
Tarix: 03 Jul 2026 14:34
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prezidenti Petra Bayr öz açıqlamaları ilə AŞPA-nın Azərbaycana münasibətdə nə dərəcədə qərəzli mövqe tutduğunu bir daha açıq şəkildə nümayiş etdirdi, təsdiqlədi.
Bunu APA-ya açıqlamaısnda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Tural Gəncəliyev bildirib.
AŞPA Azərbaycana qarşı diktə dili ilə danışmaq təcrübəsindən imtina etməlidir
Tural Gəncəliyev deyib ki, bu bəyanatlar bir daha göstərir ki, AŞPA-nın Azərbaycana qarşı uzun illərdir davam etdirdiyi qərəzli və selektiv siyasət artıq ən yüksək institusional səviyyədə də davam etdirilir: “Petra Bayrın Azərbaycanla bağlı səsləndirdiyi qərəzli, riyakar və ikili standartlara əsaslanan fikirləri qətiyyətlə rədd edirik. Petra Bayr bildirib ki, Azərbaycanla münasibətlərin normallaşması yalnız rəsmi Bakının konkret addımlar atacağı təqdirdə mümkün ola bilər. Görünür, AŞPA prezidenti hələ də dərk etmir ki, Avropa Şurası Parlament Assambleyası üzv dövlətlərlə diktə dili ilə danışan bir qurum deyil. Bu platforma üzv ölkələr arasında dialoqun, əməkdaşlığın və qarşılıqlı anlaşmanın inkişaf etdirilməsi məqsədilə yaradılıb. Bu baxımdan münasibətlərin normallaşmasını yalnız Azərbaycanın atacağı birtərəfli addımlardan asılı kimi təqdim etmək nə siyasi, nə də hüquqi baxımdan qəbul edilə bilər. Əgər həqiqətən münasibətlərin normallaşması hədəflənirsə, ilk növbədə AŞPA öz üzərinə götürdüyü öhdəliklərə əməl etməli, Azərbaycana qarşı diktə dili ilə danışmaq təcrübəsindən imtina etməli və qarşılıqlı etimada əsaslanan addımlar atmalıdır. Münasibətlərin normallaşması yalnız birtərəfli tələb və şərtlərlə deyil, qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında mümkündür”.
Bir milyon azərbaycanlının ən fundamental hüquqlarına biganəlik
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvünün sözlərinə görə, Petra Bayr eyni zamanda Azərbaycanda insan hüquqları sahəsində müsbət dəyişikliklər görmədiyini iddia edib: “Xatırlatmaq istərdim ki, Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində dövlət tərəfindən hər zaman ardıcıl addımlar atılıb, qanunvericilik və institusional islahatlar həyata keçirilib. Lakin bu məqamda Petra Bayra bir sual ünvanlamaq istərdim. Əgər insan hüquqları məsələsi həqiqətən AŞPA üçün prinsipial əhəmiyyət daşıyırsa, nə üçün Ermənistanın işğalı nəticəsində təxminən bir milyon azərbaycanlının ən fundamental hüquqlarının — öz doğma torpağında yaşamaq, mülkiyyət hüququna sahib olmaq və təhlükəsiz həyat sürmək hüququnun pozulması barədə indiyədək bir dəfə də olsun eyni həssaslıq nümayiş etdirilməyib? Nə üçün bu faciə ilə bağlı AŞPA rəhbərliyi tərəfindən bir kəlmə belə səsləndirilməyib? Bu fakt bir daha göstərir ki, AŞPA insan hüquqları məsələlərinə selektiv yanaşır. Assambleya yalnız guya siyasi məhbuslar, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası kimi mövzuları qabardır, lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində pozulmuş fundamental insan hüquqlarını məqsədli şəkildə görməzdən gəlir. Avropa İnsan Hüquqları Məhkəməsindən söhbət düşmüşkən, Petra Bayr bu məsələdə də həmin məhkəmənin qərarlarına selektiv yanaşaraq onları siyasi məqsədlər üçün AŞPA-nın alətinə çevirməyə çalışır. Bu isə Avropa institutlarının hüquqi obyektivlikdən daha çox siyasi maraqlarla hərəkət etdiyini göstərir. Petra Bayrın digər riyakar yanaşması ondan ibarətdir ki, o, son aylarda Azərbaycanda insan hüquqları sahəsində vəziyyətin yaxşılaşmadığını iddia edir. Halbuki son aylarda müşahidə etdiyimiz əsas dəyişiklik Azərbaycanda deyil, məhz AŞPA-nın ölkəmizə münasibətindədir. Son dövrdə Assambleyanın Azərbaycana qarşı qərəzli yanaşması, siyasi təzyiq cəhdləri və insan hüquqlarından siyasi alət kimi istifadə etməsi daha da intensiv xarakter alıb. Əgər AŞPA həqiqətən son aylarda insan hüquqları ilə bağlı vəziyyətdən narahatdırsa, o zaman sual yaranır: nə üçün xüsusilə 2020-ci il Vətən müharibəsindən, eləcə də 2023-cü ildə Azərbaycanın suverenliyini tam bərpa etməsindən sonra ölkəmizə qarşı qəbul olunan qərəzli qətnamələrin və siyasi hücumların sayı əhəmiyyətli dərəcədə artıb? Bu fakt göstərir ki, insan hüquqları mövzusu sadəcə bəhanədir və əsas məqsəd Azərbaycana siyasi təzyiq göstərməkdir”.
Petra Bayrın etiraf etməli olduğu həqiqət
Deputat qeyd edib ki, əslində Petra Bayr son aylarda Azərbaycandakı vəziyyətdən deyil, AŞPA daxilində Azərbaycana münasibətdə qərəzliliyin, ikili standartların və riyakarlığın daha da dərinləşdiyini etiraf etsəydi, bu, reallığa daha uyğun olardı: “Lakin təbii ki, biz bunu görmürük. Çünki AŞPA-nın uzun illərdir həyata keçirdiyi siyasət buna imkan vermir. Bütün bunlara baxmayaraq, Azərbaycan hər zaman AŞPA ilə dialoqa açıq olub. Azərbaycan nümayəndə heyəti Assambleyada fəaliyyət göstərdiyi dövrdə bütün bu məsələlərlə bağlı arqumentlərini təqdim edib, ölkəmizin mövqeyini əsaslandırıb və konstruktiv dialoqa üstünlük verib. Bu gün Petra Bayr Azərbaycan nümayəndə heyətinin AŞPA-da iştirak etməməsini Azərbaycanın öhdəliklərini yerinə yetirməməsi kimi təqdim etməyə çalışır. Halbuki Azərbaycan nümayəndə heyətinin fəaliyyətini dayandırmasının əsas səbəblərindən biri məhz Petra Bayr kimi siyasətçilərin AŞPA-nı dialoq və əməkdaşlıq platformasından çıxararaq üzv dövlətlərin daxili işlərinə müdaxilə və diktə alətinə çevirmələridir.Təəssüf ki, bu siyasət bu gün də davam edir. Azərbaycana qarşı qərəzli, ikili standartlara əsaslanan və siyasi motivli yanaşma dəyişməyib. Azərbaycan isə belə bir siyasəti heç vaxt qəbul etməyəcək, milli maraqlarını və milli dəyərlərini qətiyyətlə qorumağa davam edəcək. Hesab edirəm ki, AŞPA-nın bu siyasəti bir daha onu göstərir ki, Assambleya Azərbaycanın regionda, xüsusilə də 2020-ci ildən sonra formalaşdırdığı yeni geosiyasi reallıqları qəbul edə bilmir. Məhz buna görə də ölkəmizə qarşı artan aqressiya, Azərbaycanın mövqeyinin qəbul edilməməsi və insan hüquqları, demokratiya kimi məsələlərin davamlı şəkildə siyasi təzyiq vasitəsinə çevrilməsi müşahidə olunur. İnsan hüquqlarına bu cür selektiv yanaşma göstərir ki, AŞPA artıq çoxdan özünü ifşa edib. Belə bir şəraitdə bu qurumun nə mənəvi, nə siyasi, nə də hüquqi baxımdan Azərbaycana demokratiya və insan hüquqları ilə bağlı dərs vermək və ya ölkəmizi mühakimə etmək haqqı yoxdur”.
Tural Gəncəliyev. Petra Bayr AŞPAMənbə: apa.az