Cümə, 3 İyul, 2026
Tarix: 03 Jul 2026 20:38
Paytaxtda daha iki küçədə təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.
APA xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə aşağıdakı yol sahələrində asfalt örtüyü yenilənəcək.
Belə ki, Abbasqulu ağa Bakıxanov küçəsində (Azadlıq prospektindən Ceyhun Hacıbəyli küçəsinədək) iyulun 3-ü saat 21:00-dan iyulun 6-sı saat 06:00-dək nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.
Həmçinin Nazim Hikmət küçəsində (Mətbuat prospektindən Abbas Mirzə Şərifzadə küçəsinədək) iyulun 5-i saat 07:00-dan iyulun 7-si saat 23:00-dək yol tam bağlanacaq.
Sürücülərə təmir işləri aparılan müddətdə alternativ marşrutlardan istifadə etmələri, həmçinin müvəqqəti yol nişanlarının və hərəkətin təşkili ilə bağlı tənzimləyici vasitələrin tələblərinə əməl etmələri tövsiyə olunur.
Qurum yaranacaq müvəqqəti narahatlığa görə vətəndaşlardan anlayış göstərmələrini xahiş edib.
Mənbə: apa.az