Uşaqların rəqəmsal təhlükəsizliyi dövlət siyasətinin əsas istiqamətlərindən biridir  - RƏY

Uşaqların rəqəmsal təhlükəsizliyi dövlət siyasətinin əsas istiqamətlərindən biridir - RƏY

Tarix: 04 Jul 2026 14:34

Uşaqların rəqəmsal təhlükəsizliyi dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

Deputat deyib ki, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanunun qəbul olunması müasir dövrün çağırışlarından irəli gələn mühüm qərarlardan biridir: “Rəqəmsal texnologiyaların sürətli inkişafı, sosial şəbəkələrin həyatın ayrılmaz hissəsinə çevrilməsi yeni imkanlarla yanaşı, xüsusilə uşaqlar üçün ciddi risklər də yaradıb. Dövlət bu reallığı nəzərə alaraq uşaqların fiziki, psixoloji və mənəvi inkişafının qorunmasını prioritet istiqamət kimi müəyyənləşdirib. Bu gün sosial şəbəkələr təhsil, informasiya mübadiləsi və ünsiyyət baxımından mühüm platformalardır. Lakin eyni zamanda burada zorakılıq, kibertəzyiq, təhlükəli çağırışlar, dezinformasiya, aqressiv və zərərli məzmun, eləcə də müxtəlif manipulyasiya üsulları ilə qarşılaşmaq mümkündür. Yetkinlik yaşına çatmayan şəxslər isə bu riskləri düzgün qiymətləndirmək imkanına malik olmurlar. Məhz buna görə dövlət uşaqların təhlükəsiz informasiya mühitində böyüməsini təmin etmək üçün qanunvericilik mexanizmlərini təkmilləşdirir”.

Məhdudiyyət qadağa deyil, uşaqların inkişafını qoruyan mexanizmdir

Vüqar İskəndərov vurğulayıb ki, yeni qanunda 16 yaşına qədər uşaqların sosial şəbəkə platformalarında hesab yaratmasına yol verilməməsi, 16-18 yaş arası şəxslər üçün isə bunun valideyn razılığı ilə mümkün olması beynəlxalq praktikaya uyğun yanaşmadır: Bu yanaşmanın əsas məqsədi uşaqları rəqəmsal dünyadan uzaqlaşdırmaq deyil, onların bu mühitə psixoloji və sosial baxımdan hazır olduqları dövrdə daxil olmalarını təmin etməkdir. Uşaq müəyyən yaşa qədər şəxsiyyət kimi formalaşır, düşüncə sistemi, dünyagörüşü, davranış modeli və dəyərləri inkişaf edir. Sosial şəbəkələrdə nəzarətsiz fəaliyyət isə bu prosesə mənfi təsir göstərə bilər. Ona görə də müəyyən yaş həddinə qədər qoruyucu mexanizmlərin tətbiqi tamamilə əsaslı yanaşmadır. Burada məqsəd qadağa qoymaq deyil, uşağın sağlam inkişafını təmin etməkdir. Valideyn razılığı mexanizminin tətbiqi ailənin məsuliyyətini də artıracaq və valideyn-övlad münasibətlərində rəqəmsal təhlükəsizlik mövzusunu daha aktual edəcək”.

Uşaqların müdafiəsi

Vüqar İskəndərovun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri uşaqların hərtərəfli müdafiəsinin təmin edilməsidir: Yeni qanun da məhz bu siyasətin davamıdır. Azərbaycan dövləti hər zaman uşaqların sağlam böyüməsinə, keyfiyyətli təhsil almasına, təhlükəsiz mühitdə formalaşmasına xüsusi diqqət göstərib. Yeni qanun da həmin siyasətin rəqəmsal müstəvidə davamıdır. Məqsəd uşaqları yalnız bu gün deyil, gələcək həyatlarında da rəqəmsal təhlükələrdən qoruna biləcək bilik və bacarıqlarla təmin etməkdir. Uşaqların sağlam böyüməsi yalnız ailənin deyil, bütövlükdə dövlətin və cəmiyyətin məsuliyyətidir. Buna görə də informasiya təhlükəsizliyi məsələsi artıq milli təhlükəsizlik və sosial inkişaf siyasətinin mühüm komponentlərindən birinə çevrilib”.

Deputat qeyd edib ki, qanunun 12 aydan sonra qüvvəyə minməsi təsadüfi qərar deyil və bu müddət ərzində zəruri hazırlıq işləri həyata keçiriləcək: Bu dövrdə yaş yoxlamasının tətbiq ediləcəyi sosial şəbəkə platformalarının siyahısı müəyyən ediləcək, texniki həllər hazırlanacaq, maarifləndirmə tədbirləri keçiriləcək, dövlət qurumları, platformalar və cəmiyyət arasında koordinasiya təmin olunacaq. Belə bir qanunun effektiv işləməsi üçün yalnız hüquqi baza kifayət etmir. Texniki imkanların yaradılması, valideynlərin məlumatlandırılması, müəllimlərin və uşaqlarla işləyən mütəxəssislərin maarifləndirilməsi də vacibdir. Qanunun qüvvəyə minməsinə qədər olan müddət məhz bu hazırlıq prosesinə xidmət edəcək. Bu müddət həm də sosial şəbəkə platformalarının yeni tələblərə uyğunlaşmasına imkan yaradacaq.

Azərbaycan dünya təcrübəsinə uyğun addım atır

Vüqar İskəndərov nəzərə çatdırıb ki, son illər dünyanın inkişaf etmiş ölkələrində uşaqların sosial şəbəkələrdən qorunması istiqamətində geniş qanunvericilik islahatları həyata keçirilir: “2025-ci ilin dekabrında Avstraliya bu istiqamətdə mühüm qanun qəbul edib. 2026-cı ilin ilk rübündə isə Fransa uşaqların sosial şəbəkələrdə fəaliyyətinə yaş məhdudiyyəti tətbiq edən Avropada ilk dövlətə çevrilib. Hazırda Danimarkada 18 yaş, İspaniyada 16 yaş, Fransada 15 yaş həddi ilə bağlı müxtəlif yanaşmalar müzakirə olunur. ABŞ-da isə federal səviyyədə 17 yaş həddi ilə bağlı təşəbbüslər irəli sürülüb, ayrı-ayrı ştatlarda isə fərqli yaş məhdudiyyətləri müəyyən edilir. Kaliforniya, Texas, Nyu-York, Tennessi və Yuta 18 yaş, Kolorado, Corciya və Luiziana 16 yaş, Florida isə 14 yaş yanaşmasını tətbiq edən və ya bu istiqamətdə qanunvericilik hazırlayan bölgələr sırasındadır. İrlandiyanın "Online Safety Code", Böyük Britaniyanın "Online Safety Act" qanunları da uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Almaniya, Portuqaliya, Norveç, Türkiyə, Kanada, Yeni Zelandiya, Malayziya, İndoneziya və Hindistan da sosial şəbəkələrdə yaş məhdudiyyətlərinin tətbiqi istiqamətində qanunvericilik addımları atırlar. Norveç 2026-cı ilin sonuna qədər sosial media platformaları üçün yaş məhdudiyyətləri tətbiq etməyi planlaşdırır. Eyni zamanda, qonşu Qazaxıstan və Özbəkistanda da oxşar qanunvericilik təşəbbüsləri müzakirə olunur. Bu faktlar göstərir ki, Azərbaycan qlobal tendensiyalara uyğun və vaxtında qərar qəbul edib.

Uşaqların təhlükəsizliyini qorumaq hər kəsin ortaq məsuliyyətidir

Vüqar İskəndərov hesab edir ki, bu məsələ yalnız dövlət və ya valideynlərlə məhdudlaşmır^ “Burada ailə, məktəb, media, vətəndaş cəmiyyəti institutları və rəqəmsal platformalar da öz məsuliyyətini dərk etməlidir. Uşaqların sağlam psixoloji mühitdə böyüməsi, milli-mənəvi dəyərlərə bağlı formalaşması və təhlükəsiz informasiya mühitində inkişaf etməsi gələcəyin güclü cəmiyyətinin əsas şərtlərindəndir. Bu qanun ilk növbədə uşaqların maraqlarına xidmət edir. Sağlam düşüncəli, milli dəyərlərə sadiq, rəqəmsal savadlı və təhlükələri qiymətləndirə bilən gənc nəslin formalaşması Azərbaycanın gələcək inkişafının əsas təminatlarından biridir. Dövlətin məqsədi məhz bu təhlükəsiz gələcəyi təmin etməkdir. Hesab edirəm ki, qəbul edilən dəyişikliklər cəmiyyət tərəfindən də müsbət qarşılanacaq və uşaqların müdafiəsi istiqamətində mühüm nəticələr verəcək”.

Vüqar İskəndərov uşaqlar sosial şəbəkə

Mənbə: apa.az

Xəbər Lenti