Dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı test imtahanı keçirilir - YENİLƏNİB

Dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı test imtahanı keçirilir - YENİLƏNİB

Tarix: 12 Jul 2026 11:42

Bakı şəhəri və regionlar üzrə ümumilikdə 523 namizəd, eyni zamanda Naxçıvan Muxtar Respublikasında isə 104 namizəd icra məmuru vəzifəsinə qəbul məqsədilə test imtahanında iştirak edir

Ötən il dövlət başçısının qanunvericilik təşəbbüsü qaydasında məhkəmə qərarlarının icrası sahəsində fəaliyyətin təkmilləşdirilməsi istiqamətində qanunvericiliyə mühüm dəyişikliklər edilib. Bu çərçivədə icra məmuru vəzifəsinə qəbulla bağlı yeni qaydalar qəbul olunmuş, hüquqşünas ixtisası ilə yanaşı, digər ixtisaslara malik şəxslərin də bu vəzifəyə qəbuluna imkan yaradılıb.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ədliyyə nazirinin müşaviri, Müsabiqə Komissiyasının sədri Seyfəlpaşa Əliyev deyib.

Yeni qaydalarla icra məmuru vəzifəsinə qəbul prosesinə göstərilən yüksək marağın növbəti təzahürü ondan ibarətdir ki, müraciət edənlərin 90 faizdən çoxunu hüquqşünas olmayan ixtisasların nümayəndələri təşkil edir. Onlar həm ölkəmizin, həm də xarici dövlətlərin nüfuzlu ali təhsil müəssisələrinin məzunlarıdırlar.

Hazırkı mərhələdə namizədlər test imtahanını uğurla keçdikdən sonra söhbət mərhələsinə buraxılacaqlar. Söhbət mərhələsindən də uğurla keçən namizədlər ən azı üç ay davam edəcək xüsusi icbari təlim proqramında iştirak edəcəklər.

Məlumat vermək istəyirəm ki, Ədliyyə Nazirliyi tərəfindən həmin xüsusi təlim proqramının hazırlanması prosesi artıq tamamlanıb. Bu prosesə həm yerli, həm də beynəlxalq mütəxəssislər cəlb olunub və müasir tələblərə cavab verən təkmil təlim proqramı hazırlanıb.

Təlim proqramını və onun yekun qiymətləndirilməsini uğurla başa vuran namizədlər icra məmuru vəzifəsinə təyin olunacaqlar.

Beləliklə, yeni qaydalar hesabına həm Bakı şəhərində, həm də regionlarda icra məmuru vəzifələri üzrə mövcud vakant yerlərin komplektləşdirilməsinə nail olacağıq. Eyni zamanda, dövlət icra məmuru institutu mahiyyət etibarilə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyacaq.

***

11:25

İyulun 12-də Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası Dövlət İmtahan Mərkəzi ilə birlikdə dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı test imtahanı keçirir.

APA xəbər verir ki, imtahanda namizədlərə icra məmurunun fəaliyyətində tətbiq olunan qanunvericiliyə dair 60, məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini, dünyagörüşünü və ünsiyyət bacarıqlarını müəyyən edən 40 sual olmaqla, ümumilikdə 100 sual təqdim edilib. Qanunvericilik üzrə hər sual 1 balla, məntiqi nəticələr çıxarmaq qabiliyyəti, ümumi bilik səviyyəsi, dünyagörüşü və ünsiyyət bacarıqları üzrə hər sual 0.5 balla qiymətləndiriləcək, keçid balı isə 55-dir.

İmtahanda Bakı və regionlardan 523, Naxçıvan Muxtar Respublikasında isə 104 namizəd iştirak edir.

Namizədlər test imtahanını yekunlaşdırdıqdan sonra topladıqları balla tanış olmaq imkanı əldə edəcəklər.

Müsabiqənin test imtahanı mərhələsindən müvəffəqiyyətlə keçən, habelə həmin imtahandan azad olunmuş və müsahibədə iştirak etmək istəyən şəxslər “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi Qaydası”nın 2.7-ci bəndində nəzərdə tutulmuş sənədləri 15 iş günü ərzində, saat 9:00-dan 18:00-dək Ədliyyə Nazirliyinin İnsan resursları idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər.

Təqdim etdiyi sənədlərə görə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə – söhbətə buraxılacaqlar.

İlkin Naib

Mənbə: apa.az

Xəbər Lenti