Ukrayna vurduğu Rusiyanın "kölgə donanması"na məxsus gəmilərin sayını 105-ə çatdırıb

Ukrayna vurduğu Rusiyanın "kölgə donanması"na məxsus gəmilərin sayını 105-ə çatdırıb

Tarix: 13 Jul 2026 12:45

Ukrayna iyulun 6–13-də Rusiyanın "kölgə donanması"na məxsus 105 gəmisini vurub.

APA xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik və Müdafiə Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin rəhbəri Robert Brovdi “Telegram” kanalında məlumat yayıb.

Məlumata görə, iyulun 13-nə keçən gecə keçirilən əməliyyat zamanı Rusiyaya məxsus daha 15 gəmi hədəfə alınıb. Onların arasında 7 tanker, 5 quru yük gəmisi, 1 bərə və 2 yedək gəmisi olduğu bildirilir.

Ukrayna tərəfi qeyd edib ki, Krım yarımadasının yükləmə infrastrukturu hər gecə zərbələrə məruz qalır, Kerç boğazında gəmi hərəkəti dayandırılıb, yüklərin boşaldılması isə minimum səviyyəyə endirilib.

Bundan başqa, iyulun 12-dən 13-nə keçən gecə Krımda və digər işğal altında olan ərazilərdə müxtəlif gücə malik 9 enerji qovşağı və yarımstansiyaya, həmçinin Rusiyanı Krımla birləşdirən "Kuban–Krım" enerji körpüsünün strateji elektrik ötürmə məntəqəsinə zərbələr endirilib.

Ukrayna tərəfi həmçinin bildirib ki, əməliyyat zamanı Rusiyanın 4 hava hücumundan müdafiə sistemi sıradan çıxarılıb. Onların arasında bir S-400 "Triumf" zenit-raket kompleksinin buraxılış qurğusu, bir "Tor" zenit-raket kompleksi və iki radiolokasiya stansiyasının olduğu qeyd edilir.

Bəyanatda əlavə olunub ki, son 24 saat ərzində cəbhənin müxtəlif istiqamətlərində ümumilikdə 1725 hədəfə zərbə endirilib.

İlqar Xudiyev Rusiyanın "kölgə donanması" Ukrayna dron zərbələri

Mənbə: apa.az

Xəbər Lenti