Bazar ertəsi, 13 İyul, 2026
Tarix: 13 Jul 2026 14:05
Avropa İttifaqı Ermənistanın hibrid təhdidlərə qarşı dayanıqlığını gücləndirmək məqsədilə ölkədə yeni Tərəfdaşlıq Missiyasına (EUPM Armenia) başlayıb.
APA xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb.
Bildirilib ki, Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində fəaliyyət göstərəcək mülki məsləhətçi missiya Ermənistan hakimiyyətinə dəyişən təhlükəsizlik çağırışlarına qarşı mübarizə imkanlarının artırılmasında dəstək verəcək.
Aprelin 21-də rəsmi olaraq yaradılan missiya Ermənistanın kibertəhdidlərə, xarici informasiya manipulyasiyası və müdaxilələrinə, eləcə də qanunsuz maliyyə axınlarına qarşı mübarizə potensialının gücləndirilməsinə yönələcək.
Missiya Ermənistanın müxtəlif dövlət qurumlarına strateji məsləhətlər, texniki ekspertiza və institusional potensialın gücləndirilməsi sahəsində dəstək göstərəcək. Bundan əlavə, mandat çərçivəsində konkret layihələrin həyata keçirilməsi üçün xüsusi layihə qrupu yaradılacaq və fəaliyyət beynəlxalq tərəfdaşlarla sıx koordinasiya olunacaq.
Qeyd olunub ki, EUPM Armenia yalnız məsləhətçi xarakter daşıyır və Ermənistan hakimiyyətinin qərar qəbuletmə proseslərində iştirak etməyəcək.
Missiyanın ilkin mandatı iki il müddətinə nəzərdə tutulub və onun əsas heyəti Avropa İttifaqına üzv dövlətlər tərəfindən ezam olunmuş ekspertlərdən ibarət olacaq.
Rumıniyalı diplomat Kosmin Corc Dinesku 2026-cı il iyunun 11-də missiyanın rəhbəri təyin edilib. O, bundan əvvəl Avropa İttifaqının Moldova Respublikasındakı Tərəfdaşlıq Missiyasının ilk rəhbəri vəzifəsində çalışıb.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, ötən həftə Aİ Ermənistanın Rusiyanın təzyiqlərinə qarşı dayanıqlığını artırmaq məqsədilə geniş iqtisadi və siyasi dəstək paketi təqdim edib.
"Bu gün isə Aİ-nin yeni missiyası fəaliyyətə başlayır. Aİ ekspertləri Ermənistan hakimiyyətinə kibertəhdidlər, dezinformasiya və qanunsuz maliyyə axınları ilə mübarizədə dəstək verəcəklər. Avropa İttifaqı dayanıqlı və müstəqil Ermənistanın ən böyük tərəfdarıdır və erməni xalqının öz gələcəyini seçmək hüququnu dəstəkləyir. Ermənistanın xarici təzyiqlərlə təkbaşına üzləşməsinə imkan verməyəcəyik", – Kallas vurğulayıb.
***
12:36
Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri Brüsseldə keçirilən iclasda Ermənistan üçün yeni tərəfdaşlıq missiyasının yaradılmasını razılaşdıracaqlar.
“Armenpress”in xəbərinə görə, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Brüsseldə Aİ Xarici Əlaqələr Şurasının iclasından əvvəl jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, yeni missiyanın əsas vəzifəsi Ermənistanın üzləşdiyi iddia edilən hibrid təhdidlərə, eləcə də xarici informasiya manipulyasiyası və müdaxilələrinə qarşı mübarizəyə dəstək vermək olacaq.
İlqar Xudiyev Aİ Ermənistanda yeni missiya BrüselMənbə: apa.az