Bazar ertəsi, 13 İyul, 2026
Tarix: 13 Jul 2026 15:08
Yeni ixtisas təsnifatında ümumilikdə 250-yə yaxın ixtisas yer alıb. APA xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman jurnalistlərə açıqlamasında bildirib. “Hazırda qüvvədə olan peşə təhsili ixtisaslarının təsnifatında 800-dən artıq ixtisas yer alır. Lakin bu qədər ixtisasın mövcud olmasına baxmayaraq, həmin təsnifatın yenilənməsinə zərurət yaranıb. Buna səbəb həm əmək bazarında baş verən dəyişikliklər, həm də hazırda tətbiq olunan təsnifatda yer alan ixtisasların yarıdan çoxunun real şəraitdə istifadə edilməməsi və həmin ixtisaslar üzrə kadr hazırlığının aparılmamasıdır. Bu baxımdan yeni peşə təhsili ixtisasları təsnifatının hazırlanmasına ehtiyac yaranıb. Artıq iki ildən çoxdur ki, bu istiqamətdə iş aparılır. Nəticə etibarilə peşə təhsilinin ilk peşə, texniki peşə və yüksək texniki peşə təhsili səviyyələri üzrə tamamilə yenilənmiş ixtisas təsnifatı layihəsi müzakirəyə təqdim olunub”, - o qeyd edib. Turxan Süleyman qeyd edib ki, bu ixtisaslar müəyyən edilərkən ölkənin real tələbatı, iqtisadi vəziyyəti, ehtiyac duyulan sahələr, eləcə də müasir əmək bazarının və texnoloji inkişafın yaratdığı yeni tələblər nəzərə alınıb: “Müzakirələr yekunlaşdıqdan sonra cari ilin sonunadək peşə təhsili üzrə ixtisasların yeni təsnifatının hökumət tərəfindən təsdiqlənəcəyi gözlənilir”.
Günay ElşənMənbə: apa.az