Kobaxidze ilə Blinkenin köməkçisinin müzakirə etdiyi məsələlər açıqlanıb - YENİLƏNİB

Tarix: 14 May 2024 15:21

Gürcüstan hökuməti Baş nazir İraki Kobaxidzenin ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obraynla görüşünə dair məlumat yayıb.

APA-nın Tbilisi bürosu xəbər verir ki, bəyanatda tərəflər arasında görüşün uzun çəkdiyi, Gürcüstan-ABŞ əlaqələrinə, son illərdə Gürcüstanda yaranmış vəziyyətə dair səmimi müzakirə aparıldığı qeyd olunub. Bildirilib ki, tərəflər bu proseslərə dair narahatlıqlarını bölüşüblər.

Əlavə olunub ki, Kobaxidze Ceyms Obrayna "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə olan ehtiyacı izah edib və hökumətin veto prosedurları çərçivəsində bütün beynəlxalq tərəfdaşların qeydlərini diqqətlə nəzərdən keçirməyə hazır olduğunu vurğulayıb.

Baş nazir Gürcüstan hökumətinin ABŞ ilə tərəfdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu, bunun isə ikitərəfli səylər və ədalətli münasibət tələb etdiyini vurğulayıb.

***

14:20

Tbilisidə səfərdə olan ABŞ dövlət katibinin köməkçisi Ceyms Obraynın Baş nazir İrakli Kobaxidze ilə görüşü başa çatıb.

APA-nın Tbilisi müxbiri "Mtavari Arxi" telekanalına istinadən xəbər verir ki, görüş planlaşdırılandan daha çox - 2 saat çəkib. Obrayn Kobaxidze ilə görüşdən sonra müxalifət və QHT-lərlə görüşəcək.

Qeyd edək ki, hakim "Gürcü Arzusu" partiyası bu gün "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini parlamentin plenar sessiyasında üçüncü və sonuncu oxunuşa çıxararaq qəbul edəcəyini bəyan edib.

***

12:09

ABŞ dövlət katibinin köməkçisi Ceyms Obrayn Gürcüstana gəlib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, diplomat hazırda hökumət administrasiyasında Baş nazir İrakli Kobaxidze ilə görüş keçirir.

KİV-in məlumatına görə, Kobaxidze Obraynı binanın girişində qarşılamayıb.

Xəbər Lenti