- Cümə axşamı, 26 Dekabr, 2024
Tarix: 15.05.2024 13:13
“İş üçün bəzi şirkətlərdə müsahibələrə dəvət olunmuşam. Bu müsahibələr zamanı insan resursları mütəxəssislərindən soruşurdum ki, vəziyyət nə yerdədir? Lakin təəssüf ki, mənə geridönüş olmadı. Mən 5 ildir ki, işsiz kimi qeydiyyatdayam. Bunun səbəbi mənə aydındır - əlilliyim”.
Bu sözləri APA-ya işsizlik problemi ilə bağlı müraciət edən I dərəcə gözdən əlilliyi olan Şəhruz Ağazadə deyir.
O, bakalavr təhsilini Sumqayıt Dövlət Universitetində Politologiya ixtisası üzrə, magistr təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) MBA proqramı ilə Sosial media marketinq ixtisası üzrə alıb. Oranı da qırmızı diplom ilə bitirən Şəhruz Ağazadə 5 ildir işsiz kimi qeydiyyatdadır.
Mövzu ilə bağlı Dövlət Məşğulluq Agentliyindən bildirilib ki, fiziki məhdudiyyətli insanlar, yəni əlilliyi olan şəxslər üçün məşğulluq, eləcə də özünüməşğulluq imkanlarının yaradılması aktiv məşğullluq tədbirlərinin əsas istiqamətlərindən biridir. Belə ki, bu sahədə aparılan işlərin nəticəsi olaraq Dövlət Məşğulluq Agentliyi tərəfindən 2023-cü ildə 8390 əlilliyi olan şəxs işlə təmin edilib və özünüməşğulluq proqramının icrasında da digər həssas qruplar kimi, əlilliyi olan şəxslərə üstünlük verilir”.
Şəhruz Ağazadənin işsizlik probleminə də qurumdan münasibət bildirilib. Qeyd edilib ki, Ağazadə Şəhruz üçün ötən il yanvarın 30-u məşğulluq imkanlarının qiymətləndirilməsi sorğusu keçirilib: “Fərdi məşğulluq proqramı tərtib olunub. Vətəndaş I qrup əlilliyi olan şəxsdir. Gözdən əlilliyi olan Şəhruz Ağazadə ötən il fevralın 22-də telefonçu peşəsi üzrə peşə təhsilinə cəlb edilib. Mayın 3-ü isə təhsilini başa vurub. Vətəndaş görmə gərginliyi olmayan yüngül işlərdə işləyə bilər”.
Qurumdan o da bildirilib ki, vətəndaş karyera məsləhətçisinin nəzarətindədir. Vakansiyalarla tanış olmaq və digər məşğulluq xidmətlərindən yararlanmaq üçün məşğulluq filialına yaxınlaşa bilər.
Əlilliyi olan şəxslərin 42 qeyri-hökumət təşkilatını birləşdirən Əlil Təşkilatları İttifaqının prezidenti, birinci dərəcə əlilliyi olan Davud Rəhimli bildirib ki, bu sahədə Dövlət Məşğulluq Agentliyinin fəaliyyətini, xüsusilə özünüməşğulluq proqramı qeyd edilməlidir: “Lakin bir nazirliyin və agentliyin fəaliyyəti bu problemlərin həlli üçün kifayət edə bilməz. Əlilliyi olan şəxslərin əmək bazarına çıxışını təmin etmək üçün stimullaşdırıcı, təşviqedici bir sistem qurulmalıdır. Azərbaycanda əmək bazarında əlilliyi olan şəxslərin cəmi 11-12 faizinin məşğulluğu təmin edilib. Əlilliyi olan şəxslər arasında işləyən birinci dərəcə əlillərin sayına gəldikdə isə, bu heç bir faiz belə deyil. Əlilliyi olan şəxslərin də əmək bazarında iştirak etmək hüququ var. Lakin reallıq bundan ibarətdir ki, əlilliyi olan şəxslərin əmək bazarına daxil olması ilə bağlı müəyyən çətinliklər var. İlk olaraq onu deyim ki, əmək bazarının özünün tələbləri var. İşəgötürən vakansiya elan etdikdə təbii ki, sahə üzrə mütəxəssis axtarır. Əlilliyi olan şəxslər həm də ona görə iş tapa bilmirlər ki, bir çox hallarda təhsil ala, peşə bacarıqlarına və ixtisaslara yiyələnə bilmirlər. Bu o demək deyil ki, ölkəmizdə əmək bazarında əlilliyi olan şəxslər yoxdur”.
Onun sözlərinə görə, işəgötürənlər əlilliyi olan şəxsi işə götürsə belə, onun sərbəst hərəkət qabiliyyətinin olmasına üstünlük verirlər: “Son vaxtlar bu mövzuda müsbət hallar da müşahidə edirik. Bu yaxınlarda Azırbaycandakı neft şirkətlərindən biri bizə sorğu verdi. Onlar bilavasitə təkərli oturacaqda olan şəxsi işə cəlb etmək istəyirdilər. Belə hallar da var, amma çox azdır”.
Əlillik məsələləri üzrə mütəxəssis, birinci dərəcə əlilliyi olan Murad Məmmədov mövzu ilə bağlı qeyd edir ki, əlilliyi olan şəxsləri nisbətən yüksək vəzifələrdə də görmək mümkün olsa, bu zaman onların əmək bazarındakı çəkisini artırmaq olar: “Bundan başqa əlilləri perspektivli ixtisaslara cəlb etmək üçün müəyyən layihələr olmalıdır. Çünki hazırda onları daha çox zənglərin cavablandırılmasında (Call Center), qəbul və qeydiyyatda (reception) görürük. Lakin şirkətlər, qurumlar qarşısında rəhbər vəzifələrdə heç olmasa, bir əlilliyi olan şəxsin çalışması öhdəliyi qoyularsa, bu zaman əmək bazarında onların çəkisini artırmaq olar. Təbii ki, bunun üçün ilk olaraq əlilliyi olan şəxslərin ali təhsilə cəlb olunnması tədbirləri genişləndirilməlidir. Əlilliyi olan şəxslərin əmək bazarına çıxışını çətinləşdirən nüanslardan biri də onlar arasında ali təhsillilərin sayının az olmasıdır. Əlbəttə ki, bakalvr və magistratura təhsili olan, akademik fəaliyyətlə məşğul olan əlillər var. Ümumi nisbətə baxdıqda isə ali və yüksək ixtisas təhsilli əlillər azlıq təşkil edir”.
Şəhruz Ağazadə cəmiyyətdə əlillərlə bağlı daşlaşmış fikirlərin olmasından narahatdır: “Düşünürəm ki, işsizlik problemimin kökündə də elə bu səbəb dayanır - stereotiplər”.
Əlillik məsələləri üzrə ekspert Murad Məmmədov qeyd edib ki, cəmiyyətdə bu mövzuda daha çox xeyriyyə yanaşması üstünlük təşkil edir: “Bu, Sovet dövründən qalan təfəkkürün bir parçasıdır. Əlillərə qarşılıqsız, təmənnasız xeyriyyə etmək bu yanaşmada əsas prinsip hesab olunur. Hətta əlilliyi olan şəxslərin özlərinin-özlərinə münasibətdə biz bunu hiss edə bilərik. “Əlillərə gözəştlər tətbiq olunmalıdır, onlar cəmiyyətin köməyə ehtiyacı olan fərdlərdir” və s. bu təfəkkürdən uzaqlaşmaq lazımdır. Çünki güzəştlər, təmənnasızlıq çox olan yerdə əlilliyi olan şəxsdən qarşılıq gözləməkdən söhbət belə getmir. Nəticədə, əlilliyi olan şəxs cəmiyyətə fayda verən bir fərd kimi mövqeyini itirir. Əlillərin güzəştlərə yox, anlaşılmağa ehtiyacı var. Onlara qarşı həm müsbət, həm də mənfi diskriminasiya yolverilməzdir”.
Sosial Tədqiqatlar Mərkəzinin psixoloqu Nailəxanım Rüstəmova bildirib ki, müsbət ayrı-seçkilik xoş niyyətli olsa da, əlillərin cəmiyyətdəki mövqeyinə kompleks təsir göstərə bilər: “Pozitiv ayrı-seçkilik təhsil, məşğulluq və digər sahələrdə əlillərə güzəştli rəftar və ya müsbət fəaliyyət göstərməklə bərabərsizliklərin aradan qaldırılmasına kömək edə bilər. Bu, əlillərin cəmiyyətdə daha çox təmsil olunmasına və iştirakına, stereotiplərə meydan oxumağa və inklüzivliyi təşviq etməyə kömək edər”.
Psixoloqun sözlərinə görə, bununla belə, müsbət ayrı-seçkilik əlillərin özünə hörməti və səlahiyyət hissi üçün də gözlənilməz nəticələrə səbəb ola bilər: “Öz ləyaqətlərinə görə cəmiyyətin dəyərli üzvləri deyil, xüsusi rəftardan faydalanan şəxslər kimi qəbul edilmək asılılıq və qeyri-adekvatlıq hisslərini gücləndirər”.
O qeyd edib ki, güzəştlər və ya əlamətdar jestlər etmək əvəzinə, əlilliyi olan şəxslərin cəmiyyətin dəyərli üzvləri kimi qəbul edilməsinə çalışılmalıdır: “Məsələ, bu şəxslərə “xilaskarlıq” prizmasından yanaşaraq deyil, hər kəs kimi eyni insan hüquqlarına malik cəmiyyətin hissəsi kimi yanaşmasını inkişaf etdirməlidir”.
Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli əlavə edib ki, əlilliyi olan şəxslərin əmək bazarına çıxışına maneə yaradan amillərdən danışarkən yekun bir nəticə almaq üçün mövzuya kompleks yanaşmaq mütləqdir: “Burada təkcə təhsildən söhbət gedə bilməz. Həmçinin infrastruktur, ətraf mühitin uyğunluğu, ictimai nəqliyyatdan istifadə ilə bağlı problemləri də sadalamaq lazımdır. Müəssisələr əlilliyi olan şəxslərin işə götürülməsinə həm də ona görə maraqsızdır ki, əlilliyi olan şəxslərin məzuniyyəti uzun, iş saatları nisbətən az olur. Bundan başqa, kvota tətbiq edilməsi qaydasında göstərilir ki, müəssisə əvvəlcə iş yerlərini uyğunlaşdırmalı, sonra əlilliyi olan şəxsi işə götürməlidr. Bu da müsəssiələr üçün müəyyən xərcdir. Ona görə də hansısa formada bu müəssisələr üçün güzəştlər tətbiq etmək lazımdır”.
Hüquqşünas Şamil Paşayev də bildirib ki, əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi dövlətin öhdəliyidir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə görə, əlilliyi olan şəxsləri işlə təmin etmək üçün müəssisə və təşkilatlarda kvota müəyyən edilib.
Şamil Paşayevin sözlərinə görə, əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik yolverilməzdir: “Sırf əlllliyi olduğuna görə bir şəxslə əmək müqaviləsinin bağlanmaması, onun işdən azad edilməsi yolverilməzdir və qanunvericiliyə görə məsuliyyyətə səbəb ola bilər. Mən düşünürəm ki, bu mövzuda qanunvericiliyə dəyişiklik etmək lazımdır. Təklif edərdim ki, müəssisələrdə ümumi əməkdaşlara nisbətdə əlilliyi olan şəxslərin sayı 15 faizi keçərsə, bu müəssisələrə müəyyən vergi güzəştləri edilsin. İşəgötürənlərdən əlilliyi olan şəxslərin işləməsinə görə tutulmalara güzəştlər edilsin. Əgər işəgötürənlər Dövlət Sosial Müdafiə Fonduna edilən ödəmələrdən azad edilsə, onlar əlilliyi olan şəxsləri işə götürməkdə daha maraqlı olarlar”.
Şəhruz Ağazadə deyir ki, həyata keçirilən layihələr və proqramlar var, lakin əlil sferasından baxanda bəzi şeylərin çatışmadığı görünür: “Sanki layihələr sonda əsl məqsədinə nail ola bilmir. Ən əsas məsələlərdən biri də müyəssərlikdir. Müyəssərlik təmin edilmədiyi üçün mənim və əlil yoldaşlarımın da sərbəst hərəkəti çətinləşir. Biz bu səbəblərə görə məhz ictimai nəqliyyatdan istifadə edə bilmirik. Əsasən taksilərdən istifadə edirik”.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, hərəkət qabiliyyəti məhdud, görmə və ya eşitmə qabiliyyətini itirmiş, əlil şəxslər üçün yaşayış yerlərində əlverişli şəraitin yaradılması, sərbəst hərəkət etmələri üçün infrastrukturun, səkilərin yolun hərəkət hissəsi ilə uyğunlaşdırması məqsədilə bir sıra binaların qarşısında və yol kəsişmələrində onların rahatlığı üçün 7305 pandus quraşdırılıb: “Eyni zamanda, təklif edilən layihələr çərçivəsində il ərzində hərəkət məhdudiyyətli şəxslər üçün yeni pandusların quraşdırılması istiqamətində bir sıra işlər görülür”.
Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli bildirib ki, aidiyyəti orqanlara öz tövsiyələrini göndəriblər: “Tövsiyələrdə başlıca məqamlardan biri ətraf mühitin müyəssərliyinin təmin edilməsi ilə bağlıdır. Burada ictimai nəqliyyatın, iş yerlərinin müyəssərliyinin təmin edilməsi nəzərdə tutulur. Bunun üçün də normativ hüquqi sənədin qəbul edilməsi hökumətə tövsiyə edilib. Apardığımız monitorinq müşahidələr göstərir ki, əlilliyi olan şəxsin - tutaq ki, təkərli oturacaqda olan və ya görmə əlilliyi olan - səhər evdən çıxaraq müstəqil şəkildə əlilliyi olmayan şəxslər kimi ictimai nəqliyyatdan istifadə edib iş yerinə getməsi mümkün deyil. Avtobus dayanacaqları əsasən hündür səkilərdə qoyulub. Müyəssər avtobus dayanacağını nadir hallarda görmək olar. Metroya giriş məhduddur”.
Onun sözlərinə görə, əlilliyi olan şəxslərin sərbəst hərəkətini təmin etmək üçün standartlar olmalıdır: “Bina və qurğuların layihələndirilməsində əlilliyi olan və hərəkət imkanları məhdud şəxslər üçün zəruri olan həyat və fəaliyyət şəraitinin yaradılması Qaydaları”nı hazırlayaraq müvafiq dörd dövlət qurumundan rəylər alınmaqla 2016-cı ildə Nazirlər Kabinetinə təqdim edilib. Bununla əlaqədar BMT-nin müvafiq Komitəsi tərəfindən Azərbaycana 3 dəfə təklif göndərilib”.
Sonda Davud Rəhimli deyir ki, cəmiyyətdə əlilliyi olan şəxslərə yanaşmanı dəyişməliyik: “Nə qədər ki, əlilliyi olan şəxslərə xəstə kimi yanaşılacaq, biz bu problemləri görməyə davam edəcəyik. Bəzən işəgötürən düşünür ki, biz bu adamı götürəcəyik, hər gün rastlaşanda ürəyimiz ağrıyacaq. Biz universitetlərdə əlilliyin dərki ilə bağlı təlimlər keçirik. Lakin insanlar əlilliyi ancaq təlimlər ilə deyil, hansısa əlilliyi olan şəxsi yaxından tanıyaraq dərk edə bilər. Əlilliyi olan şəxs ilə həmkar olan biri artıq daha həsas və anlayışlı olacaq”.