Xalq artisti Roza Cəlilova yubileyi münasibətilə evində ziyarət olunub

Tarix: 18.05.2024 17:42

Azərbaycan rəqs sənətinin inkişafında özünəməxsus yeri olan Xalq artisti Roza Cəlilovanın mayın 17-də 95 yaşı tamam olub.

Mədəniyyət Nazirliyindən APA-ya verilən xəbərə görə, bu münasibətlə mayın 18-də mədəniyyət naziri Adil Kərimli və nazirliyin məsul əməkdaşları yubilyar sənətkarı evində ziyarət ediblər.

Roza Cəlilovanı yubileyi münasibətilə təbrik edən nazir sənətkara möhkəm cansağlığı və fərəhli ömür arzulayıb.

Qeyd olunub ki, Xalq artistinin Azərbaycan rəqs sənətinin inkişafına verdiyi töhfələr Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. O, respublikanın ali təltiflərinə və Prezidentin fərdi təqaüdünə layiq görülüb. Sonra Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə sənətkara nazirliyin Fəxri diplomu təqdim edilib.

Xalq artisti Roza Cəlilova yaradıcılığına verilən qiymətə və təbrikə görə təşəkkürünü bildirib. Sənətkar Ulu Öndər Heydər Əliyevin mədəniyyətimizin bütün sahələri kimi, rəqs sənətinə də diqqət və qayğı göstərib. O, mədəniyyətimizin böyük himayədarı ilə bağlı xatirələrini bölüşüb.

Qeyd edək ki, Roza Cəlilova 1929-cu ildə Qubada anadan olub. 1947-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. İki il Opera və Balet Teatrının balet truppasında çalışıb. 1949-cu ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblında fəaliyyətini davam etdirib. 1965-1975-ci illərdə ansamblın rəqs qrupuna rəhbərlik edib.

Rəqqasə uzun illər xoreoqraf kimi də fəaliyyət göstərib. O, 1989-cu ildə yaratdığı "Gülüstan" Mahnı və Rəqs Ansamblı ilə populyarlaşaraq xarici ölkələrdən ardıcıl dəvətlər almağa başlayıb. Sənətkarın repertuarında Azərbaycanın milli rəqsləri ilə bərabər bərabər ərəb, fars, hind və bir sıra başqa xalqların rəqsləri də böyük yer tutub.

Ləman Cəfərli

Xəbər Lenti