Şənbə, 25 İyul, 2026
Tarix: 25 Jul 2026 15:42
ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynanı Qara dənizdə Rusiyaya məxsus olmayan gəmilərə qarşı hücumlar həyata keçirməkdən çəkinməyə çağırıb.
Bu barədə The Wall Street Journal (WSJ) nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, ABŞ-ın enerji şirkəti Chevronun baş icraçı direktoru Mayk Virt Ukraynanın pilotsuz uçuş aparatlarının hücumlarının şirkətin Qazaxıstandakı fəaliyyətinə mümkün təsirləri ilə bağlı ABŞ administrasiyasının nümayəndələri ilə görüş keçirib. Müzakirələrdə Rusiya–Ukrayna müharibəsinin şirkətin biznes maraqlarına təsirləri diqqət mərkəzində olub.
WSJ bildirir ki, müzakirələrə Novorossiysk yaxınlığında Qara dənizdə baş vermiş pilotsuz uçuş aparatlarının hücumu səbəb olub. Hücum nəticəsində dörd neft tankeri zədələnib. Onlardan birinin Chevron tərəfindən icarəyə götürüldüyü qeyd olunur.
Novorossiysk limanı Xəzər Boru Kəməri Konsorsiumunun (KTK) son terminalı hesab olunur. Məlumata görə, konsorsiumun təxminən 15 faizi Chevron şirkətinə məxsusdur və bu marşrut vasitəsilə dünya üzrə neft tədarükünün təxminən 2 faizi həyata keçirilir. Yükləmələrdə yaranan məhdudiyyətlər səbəbindən Qazaxıstanın neft hasilatını azaltmağa məcbur qaldığı bildirilir.
WSJ-nin məlumatına əsasən, enerji şirkətlərinin nümayəndələri ilə aparılan məsləhətləşmələrdən sonra Tramp administrasiyası Ukraynaya Qara dənizdə Rusiyaya məxsus olmayan gəmilərə qarşı hücumların qarşısının alınmasının vacibliyini çatdırıb.
Məqalədə qeyd olunan məlumatlarla bağlı ABŞ administrasiyası və Ukrayna rəsmilərinin mövqeyi ayrıca təqdim edilməyib.
WSJ Tramp Ukrayna Rusiya
Mənbə: apa.az