Qazaxıstan KTK vasitəsilə neft ixracını bərpa edib

Qazaxıstan KTK vasitəsilə neft ixracını bərpa edib

Tarix: 27 Jul 2026 14:53

Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumunun (KTK) sistemi vasitəsilə neftin nəqlini və Novorossiysk dəniz terminalından yüklənməsini bərpa edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Qazaxıstan Energetika Nazirliyinin rəsmi nümayəndəsi Asel Serikpayeva jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, KTK yenidən yük göndərən şirkətlərdən neft qəbuluna və Novorossiysk limanındakı dəniz terminalı vasitəsilə yükləmə əməliyyatlarına başlayıb. Hazırda konsorsiumun iki uzaq yanalma qurğusunda "Seamajesty" və "Milos" tankerlərinə neft yüklənir. Hər iki gəmi "Tengizchevroil" şirkətinə məxsus nefti qəbul edir.

Nazirlik rəsmisi qeyd edib ki, neft qəbulunun bərpası hasilatçı şirkətlərə xammalın boru kəməri sisteminə ötürülməsini və dəniz terminalı vasitəsilə ixrac əməliyyatlarının yenidən həyata keçirilməsini təmin edir.

Bildirilib ki, terminalda əməliyyatlar mövcud təhlükəsizlik vəziyyəti və zəruri təhlükəsizlik tələbləri nəzərə alınmaqla davam etdirilir. Qazaxıstan Energetika Nazirliyi KTK rəhbərliyi, əsas yük göndərənlər və digər iştirakçılarla daimi əlaqə saxlayır.

Nazirlikdən vurğulanıb ki, qurum Qazaxıstan neftinin fasiləsiz daşınmasını təmin etmək məqsədilə vəziyyəti izləməyə və əlaqələndirmə işlərini davam etdirir.

Xatırladaq ki, daha əvvəl Qazaxıstan neftini də daşımalı olan bir neçə tanker KTK-nın Qara dənizdəki terminalında pilotsuz uçuş aparatlarının hücumuna məruz qalmışdı. Bununla əlaqədar Qazaxıstan Energetika Nazirliyi iyulun 23-də gəmilərin, ekipajların və Qara dənizin akvatoriyasının təhlükəsizliyini təmin etmək məqsədilə terminalda neft yüklənməsinin müvəqqəti dayandırıldığını açıqlamışdı. Nəticədə ölkə məcburi şəkildə neft hasilatını azaltmışdı. Dəymiş zərərin həcmi isə hələ açıqlanmayıb.

KTK Qazaxıstanın Tengiz, Kaşağan və Qaraçağanak yataqlarından hasil olunan neftin ixracını təmin edən əsas marşrutdur. Boru kəmərinin ümumi uzunluğu təxminən 1,5 min kilometrdir və o, Qazaxıstanın qərbindəki yataqları, eləcə də Rusiyanın Xəzər dənizi şelfindəki yataqları Novorossiyskdəki dəniz terminalı ilə birləşdirir. Konsorsium vasitəsilə Qazaxıstan neftinin ixracının 80 faizdən çoxu həyata keçirilir. 2025-ci ildə KTK ilə 70,5 milyon ton neft daşınıb, 2026-cı il üçün isə 72 milyon ton həcmində nəql proqnozlaşdırılır.

APA-Economics Qazaxıstan KTK neft

Mənbə: apa.az

Xəbər Lenti