Bazar, 16 Avqust, 2026
Tarix: 16 Aug 2026 00:48
Rəsmi Doha İranın üç Su-24 pilotunun Qətər tərəfindən əsir götürülərək saxlanılması barədə məlumatı təkzib edib.
APA xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Macid əl-Ənsari “X” hesabında paylaşım edib.
O bildirib ki, Qətər İran pilotlarının saxlanılması ilə bağlı yayılan məlumatları qəti şəkildə rədd edir və bu açıqlamaların regionda gərginliyin azaldılmasına yönəlmiş diplomatik səylərin davam etdiyi bir vaxtda yayılmasından təəccüblənir.
Əl-Ənsarinin sözlərinə görə, mart ayında Qətərin hava məkanını pozan İran təyyarələri ilə əlaqə yaratmaq cəhdləri nəticə verməyib. Daha sonra Qətərin axtarış-xilasetmə qrupları pilotlardan birinin meyitini aşkar edib. Doha həmin şəxsin qalıqlarının İrana təhvil verilməsi üçün Tehranla əlaqə saxlasa da, qarşı tərəfdən cavab almayıb.
Qeyd edək ki, İran avqustun 15-də üç Su-24 pilotunun mart ayında təyyarələrin qəzaya uğramasından sonra Qətər hərbçiləri tərəfindən sağ ələ keçirildiyini və təxminən altı aydır əsir saxlanıldığını iddia etmişdi.
Qətər İran Su-24 pilotlarMənbə: apa.az