İran XİN ABŞ-ın İrana qarşı iqtisadi sanksiyalarına reaksiya verib

İran XİN ABŞ-ın İrana qarşı iqtisadi sanksiyalarına reaksiya verib

Tarix: 20 Aug 2026 20:03

“ABŞ-ın İrana qarşı genişmiqyaslı iqtisadi sanksiyalar tətbiq etmək təhdidləri amerikalı siyasətçilərin İran xalqına qarşı 73 illik düşmənçilik və qərəz siyasətinin davamının daha bir göstəricisidir”.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Xarici İşlər Nazirliyinin ABŞ-ın İrana qarşı yeni iqtisadi sanksiyaları ilə bağlı bəyanatında deyilir.

Nazirlik bu təhdidlərin ABŞ hakimiyyətinin insanlıq əleyhinə, qanunazidd və hegemon mahiyyətini bir daha ortaya qoyduğunu bildirib.

Bəyanatda o da vurğulanır ki, İran vətəndaşlarının hər birinin fundamental insan hüquqlarını hədəfə alan ABŞ-ın iqtisadi sanksiyaları şübhəsiz iqtisadi terror və insanlığa qarşı cinayət hesab olunur.

Nazirlik qeyd edib ki, bu cür ağır cinayətlərin törədilməsinə görə məsul şəxslər məhkəmə qarşısına çıxarılmalı və cəzalandırılmalıdır.

“Bu addımlar İran xalqının ölkənin müstəqilliyini, ləyaqətini və milli suverenliyini qorumaq əzminə ən kiçik təsir belə göstərməyəcək”, - bəyanatda deyilir.

İran XİN bildirib ki, iqtisadi təzyiq və sanksiyalar hərbi müharibə və təcavüzün digər tərəfidir. ABŞ bu addımla dünya sülhü və təhlükəsizliyini eyni vaxtda təhdid etməklə yanaşı, insan sivilizasiyasını da mənəvi tənəzzül yoluna sürükləyir.

İran Xarici İşlər Nazirliyi yeni sanksiyaların dəfələrlə sınaqdan keçirilmiş və əvvəlcədən uğursuzluğa məhkum edilmiş bir addım olduğunu bildirib.

Nazirlik əlavə edib ki, İran yerli imkanlarına və ABŞ-ın İrana qarşı təzyiq, müdaxilə, hərbi təcavüz və dövlət terrorizmi siyasətinə qarşı 70 illik hərtərəfli müqavimət təcrübəsinə əsaslanaraq milli maraqlarını qorumaq üçün bütün vasitə və imkanlardan istifadə edəcək.

Haşim Rahimi İran ABŞ XİN bəyanat

Mənbə: apa.az

Xəbər Lenti