Rusiya Enerji Həftəsində Cənubi Qafqazda enerji təhlükəsizliyi müzakirə olunub

Rusiya Enerji Həftəsində Cənubi Qafqazda enerji təhlükəsizliyi müzakirə olunub

Tarix: 16 Oct 2026 16:46

Moskvada Rusiya Enerji Həftəsi çərçivəsində “3+3” platforması: Enerji əməkdaşlığı Cənubi Qafqazda sülh və təhlükəsizliyin dayağı kimi” adlı dəyirmi masa keçirilib.

APA-nın Moskva bürosu xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov çıxış edib.

Bildirib ki, Cənubi Qafqaz dövlətləri etibarlı enerji təchizatı, tədarükün şaxələndirilməsi və iqtisadi-ticari əlaqələrin genişləndirilməsində maraqlıdır: "Mövcud boru kəməri infrastrukturundan tam istifadə Cənubi Qafqaz ölkələrinə və qonşu dövlətlərə enerji təchizatı təhlükəsizliyini gücləndirmək və bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün imkanlar açır.

Rusiya, İran və Azərbaycanın əhəmiyyətli enerji ehtiyatları var. Türkiyənin isə inkişaf etmiş energetika infrastrukturu və əhəmiyyətli tranzit potensialı mövcuddur. Mövcud qaz və neft boru kəmərlərindən tam istifadə bu prosesdə əsas rol oynayır. Çoxsaylı nəqliyyat marşrutunun olması, xüsusilə də açıq dənizə birbaşa çıxışı olmayan enerji istehsal edən ölkələr, o cümlədən Azərbaycan, Qazaxıstan və Türkmənistan üçün vacibdir. Bu səbəbdən boru kəməri sistemlərindən istifadənin əhəmiyyətini qiymətləndirməmək mümkün deyil”.

SOCAR-ın vitse-prezidenti müxtəlif ölkələrin şirkətlərinin maraqlarını birləşdirən “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsini regional əməkdaşlığın nümunəsi adlandırıb. Vurğulayıb ki, bu layihə enerji maraqlarının bir-biri ilə əlaqəli olduğunu açıq şəkildə nümayiş etdirir”

E. Nəsirov qeyd edib ki, Azərbaycanın Türkiyə və Gürcüstanla əməkdaşlığı təkcə enerji təchizatı ilə məhdudlaşmır, SOCAR Türkiyə iqtisadiyyatına, o cümlədən “Petkim” neft-kimya kompleksinə və STAR neft emalı zavoduna böyük investisiyalar qoyur: "Şirkət Gürcüstanda qaz təchizatı və paylanmasından tutmuş yanacaqdoldurma məntəqələri şəbəkəsinin fəaliyyətinə qədər enerji təchizatı zəncirinin müxtəlif aspektlərində iştirak edir".

SOCAR-ın vitse-prezidenti, həmçinin İranla svop əməkdaşlığı barədə danışıb. Bildirib ki, bu əməkdaşlıq çərçivəsində Azərbaycan həmin ölkəyə, İran isə Naxçıvan Muxtar Respublikasına qaz tədarük edir.

E. Nəsirov Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi üçün enerji əməkdaşlığının əhəmiyyətini də qeyd edib: "Ötən ilin dekabr ayında biz ilk dəfə olaraq Ermənistana benzin və dizel yanacağı tədarük etməyə başladıq. Bu, enerji sektorunda praktik əməkdaşlığın regionda sülhün möhkəmləndirilməsinə töhfə verməsinin vacib nümunəsidir".

Fərid Əkbərov
Rusiya Enerji Həftəsində Cənubi Qafqazda enerji təhlükəsizliyi müzakirə olunub
Rusiya Enerji Həftəsində Cənubi Qafqazda enerji təhlükəsizliyi müzakirə olunub

Mənbə: apa.az

Xəbər Lenti