Çexiya tərəfdaş ölkələri Ukrayna üçün silah öhdəliklərini icra etməyə çağırıb

Tarix: 29 May 2024 18:10

Çexiyanın müdafiə naziri Yana Çernoxova tərəfdaş ölkələri Ukraynanın silah təchizatı üzrə öhdəliklərini yerinə yetirməyə çağırıb.

APA-nın “Euractiv” portalına istinadən xəbərinə görə, bunu Çexiyanın müdafiə naziri Yana Çernoxova deyib. O həmçinin bildirib ki, ölkəsinin bu istiqamətdə irəli sürdüyü təşəbbüsə yalnız Danimarka, Kanada, Niderland və Portuqaliya qoşulub.

Nazir xatırladıb ki, sözü gedən təklif Avropa İttifaqına üzv olan 18 ölkənin Ukraynanın silah-sursatla təminatı məsələsində dəstək göstərməsini özündə ehtiva edir.

Y. Çernoxova deyib ki, təklifi bütün dövlətlər dəstəkləsə də, hələlik əksəriyyəti öhdəliklərini yerinə yetirməyib. Çexiyalı nazir təşəbbüs çərçivəsində alınacaq silah-sursatın Ukraynaya iyunun əvvəlində göndəriləcəyini də söyləyib.

Qeyd edək ki, ilin sonunadək Ukrayna tərəfinə 500 min ədəd silah-sursatın çatdırılması nəzərdə tutulur. Hərbi ekspertlər hesab edir ki, bu say cəbhə xəttində vəziyyəti Ukraynanın xeyrinə dəyişdirəcək.

Xəbər Lenti